ŞƏKİ XƏBƏRLƏRİ

07 oktyabr 2008 - 12 oktyabr 2008



ŞƏKİDƏ METAL ÖRTÜKLƏRİ İSTEHSAL SEXİ TİKİLİR

Şəki rayonunun Qoxmuq kəndi ərazisində rəngli metal örtüklər istehsal edən sex inşa olunur.
Ümumi dəyəri 4,4 milyon ABŞ dolları olan yeni müəssisədə gündə 1900 kvadratmetr metal örtük istehsal olunacaqdır. İlkin mərhələdə sexdə 35 nəfər daimi işçi çalışacaqdır.
Hazırda obyektdə son tamamlama işləri aparılır.

Yazılıb: 07/10/2008
--------------------------------------------

Şəkidə müəllim günü qeyd olunmuşdur

Şəki şəhər icra hakimiyyətinin akt zalında müəllim gününə həsr olunmuş geniş yığıncaq keçirilmişdir. Yiğincağı giriş sözü ilə açan Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov müəllimləri bayram münasibəti ilə təbrik etmiş, ölkəmizdə elmə və təhsilə olan dövlət qayğısından danışmışdır.
Tədbirdə çıxış edən Şəki şəhər təhsil şöbəsinin mudiri F.İbrahimov Şəki təhsilinin uğurlarından danışmış, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bir nəfər müəllimə "Əməkdar müəllim" fəxri adının verilməsinə görə cənab prezidentə Şəkinin bütün təhsil işçilərin adından minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovun sərəncamı ilə öz işində fərqlənən bir qrup qabaqçıl müəllimlərə fəxri fərman və pul mükafatları verilmişdir.

Yazılıb: 07/10/2008
--------------------------------------------

ŞƏKİDƏ ƏLİL İDMANÇILAR ARASINDA ZONA YARIŞLARI KEÇİRİLİR

Oktyabrın 7-də Şəki şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin birgə təşəbbüsü ilə əlillərin stolüstü idman oyunları üzrə II ümumrespublika yarışlarının zona turnirinə start verilmişdir.
Şahmat məktəbinin idman zalında keçirilən yarışlarda Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarını təmsil edən 70-dək əlil şahmat, dama, nərd və armreslinq idman növləri üzrə mübarizə aparır. Turnirin açılışına həsr olunmuş mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin baş məsləhətçisi Asəf Məmmədov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyev və gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərov çıxış edərək, əlillərin cəmiyyətə inteqrasiyasının təmin olunmasında idman yarışlarının, yaradıcılıq müsabiqələrinin mühüm əhəmiyyət daşıdığını bildirmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Daha sonra yarışların startı verilmişdir. Zona turnirinin qalibləri noyabrda Bakıda keçiriləcək II ümumrespublika yarışlarının final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Yazılıb: 07/10/2008
--------------------------------------------

ABŞ-IN POPULYAR ESTRADA ARTİSTİ RENNİ KAUFMAN ŞƏKİ MUSİQİSEVƏRLƏRİNİN QONAĞI OLMUŞDUR

Azərbaycanda qastrol səfərində olan ABŞ-ın populyar estrada artisti Renni Kaufman bölgələrə səfər proqramı çərçivəsində oktyabrın 6-7-də Şəkidə olmuşdur.
Tanınmış estrada artısti oktyabrın 6-da Şəki Dövlət Dram Teatrının salonunda musiqisevərlər qarşısında solo proqramla çıxış etmişdir. Konsertdən əvvəl şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək ABŞ səfirliyi ilə Şəki Şəhər İcra Hakimiyyəti arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmiş, bu əlaqələrin inkişafındakı xidmətlərinə görə səfir Ann Dersə minnətdarlığını bildirmişdir. Belə konsertlərin keçirilməsinin artıq ənənə şəklini aldığını bildirən natiq 2007-ci ilin iyulunda ABŞ-ın “Dina Preston” kantri musiqi qrupunun, 2008-ci ilin iyununda isə “Poetica Musica” triosunun Şəkidə böyük müvəffəqiyyətlə çıxış etdiyini xatırlatmışdır.
ABŞ səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi Dmitri Taraxovski səmimi qonaqpərvərliyə və yaradılan şəraitə görə şəhər rəhbərliyinə və musiqisevərlərə minnətdarlığını bildirmişdir. Renni Kaufmanın təqdim etdiyi solo konsert proqramı tamaşaçılar tərəfindən maraqla və hərarətli alqışlarla qarşılanmışdır. Konsertin sonunda qonağa şəhər rəhbərliyi adından xatirə hədiyyələri təqdim edilmişdir.
Oktyabrın 7-də Renni Kaufman şəhərin görməli yerlərini gəzmiş, Şəki xanlarının sarayı, Yuxarı Karvansara memarlıq abidəsi, Kiş kəndindəki qədim alban məbədi, habelə Fazıl kəndində yerləşən qədim yaşayış məskəni- “Əbədi sükut dünyası” adlı labirintlə tanış olmuşdur.
Səfərin sonunda tanınmış estrada artisti qədim Şəki ilə tanışlıqdan, musiqisevərlərlə görüşündən çox məmnun qaldığını bildirmişdir.

Yazılıb: 07/10/2008
--------------------------------------------

ŞƏKİNİN AYDINBULAQ KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Oktyabrın 11-də Şəki rayonunun Aydınbulaq kəndində dövlət vəsaiti ilə inşa edilmiş 220 yerlik yeni məktəb binası istifadəyə verilmşdir.
Bu münasibətlə keçirilmiş mərasimdə şəhər təhsil şöbəsinin müdiri Firəddun İbrahimov Azərbaycanda elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Bu ilin sonunadək rayonda 1820 yerlik 6 yeni məktəb binasının istifadəyə veriləcəyini nəzərə çatdıran şöbə müdiri 2009-cu ildə Şəkidə daha 14 yeni məktəb binasının inşa ediləcəyini, 20-dən artıq məktəbdə isə əsaslı təmir işlərinin aparılacağını bildirmişdir O, təhsil müəssisələrinin təzə avadanlıqla təmin olunacağını, bir sıra məktəblərdə müasir istilik sistemlərinin quraşdırılacağını qeyd etmişdir.
Çıxış edən digər natiqlərdə son illər təhsil sahəsində də geniş islahatların aparıldığını, diqqətə çatdırmışlar. Mərasimdə iştirak edən xaricdə yaşayan soydaşımız, tanınmış müğənni Yaqub Zurufçu tədbir iştirakçılarını ifa etdiyi mahnı ilə salamlamışdır.
Rəmzi lent kəsildikdən sonra yeni binaya baxış olmuşdur. Qonaqlara məlumat verilmişdir ki, məktəbin əvvəlki binası 1930-cu ildə inşa edildiyindən son vaxtlar istifadə üçün tam yararsız vəziyyətə düşmüşdü. Tikintisinə bu ilin əvvəlində başlanılan ikimərtəbəli yeni məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait vardır. Binada maye yanacaqla işləyən müasir istilik sistemi quraşdırılmışdır. 146 nəfər şagirdin təhsil aldığı bu təhsil ocağında 24 nəfər müəllim çalışır.
Açılış mərasimində Şəki şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov iştirak etmişdir.

Yazılıb: 12/10/2008
--------------------------------------------

ŞƏKİDƏ BİRİNCİ UŞAQ “KİTAB-BİLİK” FESTİVALI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLMİŞDİR

Oktyabrın 11-də Şəki şəhərinin mərkəzi meydanlarından birində Mədəniyyət və Turizm Nazirliyi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə keçirilən Birinci uşaq “Kitab-Bilik” festivalı çərçivəsində tədbir olmuşdur.
Şəkidə fəaliyyət göstərən uşaq-incəsənət və musiqi məktəbləri kollektivlərinin, məktəblilərin, mədəniyyət və təhsil işçilərinin, ziyalıların iştirak etdikləri tədbirdə şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova kitabsevərləri əlamətdar bayram münasibətilə təbrik etmiş, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır Z.Cavadova mədəniyyətimizin hamisi kimi tanınan ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanması sahəsindəki tarixi xidmətlərini bir daha xatırlatmış, festivalın keçirilməsi təşəbbüsünə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə Şəki kitabsevərləri adından minnətdarlığını bildirmişdir.
Şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov çıxış edərək respublikamızda ilk dəfə keçirilən bu festivalın uşaq və gənclərdə bilik xəzinəsi olan kitaba marağı daha da artırmaq məqsədi daşıdığını bildirmiş, dövlət başçısının müvafiq Sərəncamı əsasında hər yerdə olduğu kimi, Şəkidə də kitabxana fondlarının latın qrafikalı ədəbiyyatla zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
Sonra tədbir iştirakçıları meydanda təşkil edilmiş zəngin kitab sərgisi ilə yaxından tanış olmuş, uşaq musiqi və rəqs kollektivlərinin çıxışını izləmiş, dahilərin kitab haqqında söylədikləri müdrik kəlamları dinləmiş, səhnəciklərə baxmış, balaca rəssamların rəsmlərinə tamaşa etmişlər.

Yazılıb: 12/10/2008


Создан 13 окт 2008



 
  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!


 Valyuta məzənnəsi Kataloq Kataloq LiveRSS: Каталог русскоязычных RSS-каналов