TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL AZƏRBAYCANDA. 10 sentyabr 2008

QARŞILANMA, AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVLƏ GÖRÜŞ, BƏYANATLAR VƏ YOLA SALINMA



TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ HAVA LİMANINDA QARŞILANMA

AzərTAc xəbər verir ki, sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycana işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Abdullah Gülü təyyarənin pilləkəni yanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Abdullah Gül və Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti oldu.



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN TƏKBƏTƏK GÖRÜŞÜ

AzərTAc xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.
Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısını böyük səmimiyyətlə qarşıladı.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə sürətlə inkişaf etdiyi vurğulandı, ikitərəfli əlaqələrin genişlənməsinin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyətli olduğu bildirildi.
Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi apardılar.


MƏTBUAT ÜÇÜN BƏYANATLAR

Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül təkbətək görüşdən sonra mətbuat üçün bəyanatlarla çıxış etmişlər.


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Hörmətli cənab Prezident!
Əziz qardaşım!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Bu gün biz Türkiyə Prezidenti Abdullah Gülü Azərbaycanda qəbul edirik. Azərbaycana “Xoş gəlmisiniz!”.
Bu səfər imkan verdi ki, biz ikitərəfli münasibətlərin bütün istiqamətlərini bir daha müzakirə edək və gələcək birgə fəaliyyət haqqında öz qərarlarımızı verək. Bizim münasibətlərimiz çox yüksək səviyyədədir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, çox fəal əlaqələrimiz, əlbəttə ki, bölgədə gedən proseslərə operativ reaksiya vermək imkanlarını da genişləndirir. İkitərəfli müstəvidə birgə çoxlu layihələr icra olunur. Türkiyə və Azərbaycanı birləşdirən enerji və nəqliyyat dəhlizləri çox uğurla fəaliyyət göstərir. Bütün bunlar bizim birgə səylərimiz nəticəsində baş vermiş uğurlu hadisələrdir.
Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istismarı nəticəsində hər iki ölkə öz iqtisadi və siyasi maraqlarını daha da böyük dərəcədə təmin edir. Bizim nəqliyyat sektorunda atdığımız addımlar və Türkiyə ilə Azərbaycanı dəmir yolu ilə birləşdirən layihə uğurla icra edilir. Enerji, nəqliyyat və başqa sahələrdəki əməkdaşlığımız təkcə xalqlarımız, ölkələrimiz üçün fayda gətirmir, həm də bölgədə gedən proseslərə də çox müsbət təsirini göstərir. Bizim bütün iqtisadi və siyasi təşəbbüslərimiz bölgədə əməkdaşlığın, sabitliyin, sülhün bərqərar olunmasına xidmət göstərir. Bu baxımdan tam əminliklə deyə bilərik ki, ümumiyyətlə Türkiyə və Azərbaycanın siyasəti, bölgədə irəli sürülən təşəbbüslər bu gün və gələcəkdə sabitliyin daha da möhkəmlənməsinə yeni şərait yaradacaqdır.
Bir sözlə, bu gün hörmətli Prezidentlə ikitərəfli məsələləri müzakirə edərkən, bölgədə yaranmış vəziyyəti və baş vermiş hadisələri müzakirə edərkən, bir daha görürük ki, bizim mövqeyimiz birdir, maraqlarımız birdir və bu hadisələrə baxışlarımızda da fərq yoxdur. Bu, çox önəmlidir. Çünki, bu, həm iki ölkə arasında olan ənənəvi dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirir, digər tərəfdən, sirr deyil ki, Türkiyə və Azərbaycanın bölgədəki rolu və təsir imkanları böyüyür. Bunun müxtəlif səbəbləri var və bu səbəblərin yaranmasında, əlbəttə ki, bizim fəaliyyətimiz də az əhəmiyyət kəsb etmir. Beləliklə, biz gələcək birgə fəaliyyət haqqında çox açıq və aydın mənzərə görürük və əminəm ki, gələcək birgə səylər nəticəsində biz bölgədə sülhün təmin olunmasını görəcəyik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də ön plana çıxır. Çünki məsələnin uzun illər həll olunmaması həm Azərbaycan üçün, həm də bölgə üçün böyük təhlükə mənbəyidir. Biz istəyirik ki, məsələ tezliklə və beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın. Azərbaycan bütün beynəlxalq təşkilatlarda öz mövqeyini açıq-aydın ortaya qoyur. Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan hərbi qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasına dair tələblər göstərilibdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində bu ilin mart ayında qəbul edilmiş qətnamə də bu istiqamətdə çox müsbət bir addımdır. Digər beynəlxalq təşkilatların qərarları da.
Biz istəyirik ki, bu işğala son qoyulsun. Biz istəyirik ki, məsələni sülh yolu ilə həll edək. Məhz buna görə, - baxmayaraq ki, 15 ildən çoxdur danışıqlar nəticəsiz gedir, - biz yenə də sülh prosesinə sadiqik. Ancaq, eyni zamanda, o da aydındır ki, bu məsələnin həlli yalnız beynəlxalq hüquq norma və prinsiplərə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın 1 milyon qaçqını və məcburi köçkünü öz doğma torpağına qayıtmalıdır.
Beləliklə, əgər biz buna nail olsaq, bölgədə tam yeni vəziyyət yaranacaqdır: işbirliyi, sabitlik, yeni iqtisadi və siyasi təşəbbüslər, kommunikasiyaların açılması. Bir sözlə, bölgədə həm sülh təmin olunacaq, həm də inkişaf daha da sürətlə gedəcəkdir.
Düzdür, bu gün Türkiyə və Azərbaycanın iqtisadiyyatları o qədər möhkəmdir ki, bizim uğurlu inkişafımıza heç nə təsir edə bilməz. Ancaq əgər biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll edə bilsək, - mən buna ümid edirəm, - əlbəttə ki, bütün ölkələrin inkişafı daha da sürətli olacaqdır. Hər bir ölkə bundan faydalanacaqdır. Biz bunu istəyirik. Biz istəyirik ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun və bölgədəki bütün ölkələr bir-biri ilə normal münasibətlər yarada bilsinlər. Yenə də deyirəm, bunu etmək üçün, sadəcə olaraq, Ermənistanın siyasi rəhbərliyinin iradəsi və müdrik addımları lazımdır.
Mən də, hörmətli Abdullah Gül də belə fikirdəyik ki, Ermənistanın yeni rəhbərliyi məsələnin həlli üçün öz səylərini göstərməyə davam edəcəkdir. Müəyyən ümidverici amillər də var, ümidverici məlumatlar da var. Əlbəttə ki, hadisələri qabaqlamaq istəməzdim, ancaq biz gələcəyə artan ümidlərlə baxırıq. İnanmaq istəyirəm ki, həm Türkiyənin, həm Azərbaycanın, həm Ermənistanın və digər ölkələrin səyləri nəticəsində biz bölgədə sülhün təmin edilməsinə nail olacağıq.



TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN BƏYANATI

- Dəyərli mətbuat nümayəndələri!
Bu gün hörmətli Prezident İlham Əliyevlə, hər zaman olduğu kimi, çox gözəl bir görüş keçirdik. Türkiyə ilə Azərbaycanın qardaşlığı, dostluğu daimidir, əbədidir və bu çərçivədə əvvəlcə ikitərəfli əlaqələrimizi müzakirə etdik, daha sonra bölgə ilə əlaqədar məsələləri nəzərdən keçirdik. İkitərəfli münasibətlərimiz əsas mövzu olduğuna görə Türkiyə və Azərbaycan siyasi, iqtisadi və digər sahələrdə mükəmməl bir şəkildə əməkdaşlıq etməkdədir. Siyasi məsələlərdə Türkiyə daim Azərbaycanın yanında olmuşdur və hər zaman da yanında olacaqdır.
İqtisadi sahədə də, hörmətli Prezident Əliyevin dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft, qaz və ən sonuncu, Qarsda bir hissəsinin təməlini qoyduğumuz, daha əvvəl isə Gürcüstanda başladığımız Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bütün dünyanın böyük bir hörmətlə təqdir etdiyi layihələrdir. İnanıram ki, dəmir yolunun da gələcəkdə tamamlanması, iqtisadi əlaqələrimizi daha da gücləndirmək və inkişaf etdirmək üçün böyük iradəyə və gücə sahibik.
Qafqazda meydana çıxan yeni vəziyyəti də bu gün çox əhatəli şəkildə nəzərdən keçirdik. Bu baxımdan bir neçə gün əvvəl milli komandaların oyununa baxmaq üçün Ermənistana etdiyim səfər və orada Ermənistan Prezidenti ilə keçirdiyim görüş haqqında hörmətli İlham Əliyevə əhatəli şəkildə məlumat verdim. Sizinlə səmimi olaraq bunu paylaşmaq istəyirəm ki, hörmətli Prezident Əliyevin Qafqaz regionu ilə bağlı çox realist, gerçək düşüncəli təhlili, doğrudan da, məndə çox böyük təəssürat yaratmışdır. Ona burada təqdir və təşəkkürümü ifadə etmək istəyirəm.
Ortada yeni bir vəziyyət əsas mövzudur. Gürcüstanda meydana çıxan hadisələrdən sonra dövlət adamları kimi, liderlər kimi vəziyyəti ən yaxşı şəkildə təhlil edib düzgün və səbatlı siyasi iradə göstərməyimiz lazımdır. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ məsələsi dialoq yolu ilə, anlayış və qarşılıqlı görüşlərlə həllini tapacaqdır. 17 ildir həllini tapmayan bu məsələnin çözümü üçün yeni fürsətlərin yarandığı fikrindəyik. Bu baxımdan Ermənistan səfərindən də ümidli dönmüşəm. Görüşlərlə bunun həll ediləcəyinə inanıram.
Şübhəsiz ki, işğal altındakı torpaqların tezliklə boşaldılması çox böyük addım olacaq və sülh, təhlükəsizlik bərqərar olduqda bu bölgədə çox böyük iqtisadi işbirliyi yaranacaqdır. Haqqında bəhs etdiyimiz boru xətləri, dəmir yolu bütün Qafqaz bölgəsini əhatə edəcəkdir. Ona görə də yeni bir fürsəti ən yaxşı şəkildə dəyərləndirmək və dondurulmuş münaqişələri bu şəkildə davam etdirmək yox, həll etmək lazımdır. Həll etmək üçün də yeni bir fürsətin ortaya çıxdığının qənaətindəyəm. Ümid edirəm ki, bölgə ölkələri bunu ən yaxşı şəkildə dəyərləndirəcək, sülh yollarını üstün tutacaqlar. Onsuz da Birləşmiş Millətlər Təşkilatının qətnamələri ortadadır – bütün bunlar nəzərə alınar və sonda düşmənçilik deyil, dostluq hökm sürər. Belə olarsa, bu, bölgədə hamımızın xeyrinə, bölgə xalqlarının hamısının xeyrinə olacaqdır. Ona görə də hər şeydən əvvəl xoş niyyətlə çalışmaq vacibdir və ümid edirəm ki, bütün dünya da bunu təqdirlə qarşılayar və dəstəkləyər.
Mən bu gün gördüyümüz çox səmimi, isti münasibətdən duyduğum məmnunluğu bir daha ifadə etmək istəyirəm. Bu baxımdan da bütün azərbaycanlı qardaşlarıma türk xalqının sevgisini, hörmət və ehtiramını çatdırmaq istəyirəm. Bu bir həqiqətdir ki, biz hamımız bir millətin parçalarıyıq və ayrı-ayrı dövlətlərin daxilindəyik. Həmrəyliyimiz sona qədər davam edəcəkdir.




SƏFƏR BAŞA ÇATDI

AzərTAc xəbər verir ki, sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün Azərbaycana işgüzar səfəri başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Abdullah Gülü Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.


AzərTAc


Создан 15 сен 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters