ŞƏKİ XƏBƏRLƏRİ

22 sentyabr 2008 - 06 oktyabr 2008



Qafqazda analoqu olmayan S.E.S.

70 il bundan əvvəl inşa olunmuş, Qafqazda analoqu olmayan Şəki Su Elektrik Stansiyasının gücü Almayadan gətirilib quraşdırılmış yeni avadanlıqlar hesabına 3-4 dəfə artırılmışdır.
Şəki SES-in drektoru Aydın Xəlilov demişdir ki, bu hələ görülən işlərin hamısı deyil. 1936-cı ildən sonra Şəki SES-də ilk dəfə olaraq iri miqyaslı bərpa və yenidənqurma işləri aparılmış, turbinlərin sugətirici kanalında (polad boru kəmərində) 3 ədəd konpensator əsaslı təmir edilmişdir. Işin mürəkkəbliyi və çətinliyi onda olmuşdur ki, bütün bu işlərin hamısı dağlıq şəraitdə, heç bir texnikanın köməyi olmadan, 85-264 metr yüksəklikdə əl ilə görülmüşdür. Rekonstruksiya işləri investor “General Construction” MMC əməkdaşlarının və yerli energetiklərin fədakar əməyi sayəsində təmir-tikinti planına dair qrafikdə nəzərdə tutulan vaxtda başa çatdırılmışdır. Indiyədək bu MMC tərəfindən stansiyaya 2 milyon manatdan çox investiya qoyulmuşdur.
Gələcəkdə də Şəkinin içməli su və elektirk enerjisi ilə təminatında problemlərin tamamilə aradan qaldırılması üçün maliyyə vəsaiti ayrılacaqdır.
Yazılıb: 22/09/2008
--------------------------------------------
Şəkililərin seçimi – İlham Əliyevdir

Azərbaycan xalqı Prezident İlham Əliyevi çox sevir. Dövlətçilik ənənələrinə daim sadiq qalan şəkililər isə dövlət başçısına daha çox hörmət və etiram bəsləyirlər. Bu qədim diyar İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə daha da böyümüş, gözəlləşmiş və gəncləşmişdir.
Bu fikirlər YAP Şəki təşkilatının sədri Həsən Həsənov, millət vəkilləri – akademik Yaqub Mahmudov, elmlər doktoru – Məjlum Şükürovun bölgə sakinləri ilə keçirdikləri görüşlərdə səslənən çıxışların əsas leytmotivini təşkil etmişdir.
Bu görüşlərdə məmnuniyyətlə iştirak edən çoxsaylı insanlar Azərbaycan Respublikası prezidentliyinə ən layiqli namizəd olan İlham Əliyevin Vətənimiz və xalqımız qarşısındakı xidmətlərini layiqincə dəyərləndirdiklərini bildirmiş və ona səs verəcəklərinə əminlik ifadə etmişlər.
Yazılıb: 24/09/2008
--------------------------------------------

103 YAŞLI ŞƏKİLİ MÜHARİBƏ ƏLİLİNƏ “OKA” MARKALI MİNİK AVTOMOBİLİ VERİLMİŞDİR

Sentyabrın 29-da Şəki şəhərində Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasının qarşısındakı meydanda 103 yaşlı şəhər sakini, I qrup Böyük Vətən müharibəsi əlili Mənəf Məmmədova “OKA” markalı minik avtomobilinin təqdim edilməsi münasibətilə tədbir keçirilmişdir.
Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli açaraq, ölkəmizdə əlillərə, habelə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların ailələrinə, eləcə də sosial müdafiəyə ehtiyac duyan insanlara göstərilən yüksək dövlət qayğısından danışmış, bu qəbildən olan şəxslərin, ailələrin həyat şəraitini, sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Böyük Vətən və Qarabağ müharibələri əlillərinə indiyədək 2 minə yaxın, o cümlədən 2008-ci ilin ötən dövründə 450 minik avtomobilinin verildiyini diqqətə çatdıran idarə rəisi, ilin sonunadək daha 200 əlilin avtomobillə təmin olunacağını bildirmişdir.
Böyük Vətən müharibəsi əlili Mənəf Məmmədov bu qayğıya görə minnətdarlığını bildirmiş, dövlətimizin öz vətəndaşlarına maddi və mənəvi dayağını yüksək qiymətləndirmişdir.
Mərasimin sonunda müharibə əlilinə “OKA” markalı avtomobilin açarları təqdim edilmişdir. Bundan əlavə, əlil Mənəf Məmmədova ƏƏSMN tərəfindən soyuducu və televizor da hədiyyə olunmuşdur
Yazılıb: 01/10/2008
--------------------------------------------

Şəkidə "Qarabağ uşaqların gözü ilə" adlı rəsm sərgisi keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyi gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsi, Qarabağ mövzusuna həsr olunmuş sənət əsərlərinin təbliği məqsədi ilə oktyabrın 2-dən - 8 -dək "Yaddan çıxmaz Qarabağ" adlı ənənəvi ümumrespublika mədəni-siyasi aksiya - incəsənət həftəsi keçirir. Aksiya çərçivəsində Şəki Dövlət Rəsm Qalereyasının sərgi salonunda tədbir keçirilmişdir. Tədbiri giriş sözu ilə açan Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatının sədri Tahir Həmidli artıq ənənəyə çevrilən bu aksiyanın mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir.
Tədbirdə iştirak edən Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən bu aksiyanın təşkilatçılarına Şəhər rəhbərliyi adından minnətdarlığını bildirmiş, əzəli və əbədi yurd yerimiz olan qarabağın bugün ədəbiyyatımızın, təsviri sənətimizin baş mövzusu olduğunu xüsusi vurğulamışdır.
Şəki şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilov, Şəki şəhər Təhsil şobəsini müdiri Firədun İbrahimov çıxış edərək bu cür tədbirlərin yeniyetmələrin və gənclərin vətənpərvərlik tərbiyəsində çox mühim rol oynadığını bildirmişlər.
Tədbirin sonunda iştirak edən və xüsusi ilə fərqlənən şagirdlərə - Bədəlov Eldəniz Eldar oğluna, Məmmədova Nərmin Yafət qızına, Şərifov Əsgər Nizami oğluna Şəki şəhər gənclər və idman idarəsinin mükafatları verilmişdir.
Yazılıb: 02/10/2008
-------------------------------------------

Prokurorluq işçilərinin peşə bayramı qeyd olunmuşdur.

Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə oktyabrın 2-də Şəki şəhər İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Şəhər ictimaiətinin, hüquq mühafizə orqanlarının, ziyalıların da qatıldığı tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Peşə bayramı günü və prokurorluğun 90 illik yubileyi münasibətilə yığıncaq iştirakçılarını təbrik edən Şəki rayon prokuroru Rahib Seyidov məruzə ilə çıxış edərək bildirmişdir ki, ümummilli liderilmiz Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.Məruzəçi qeyd etmişdir ki, digər hüquq mühafizə orqanları kimi Şəki şəhər prokurorluğunun kollektivi də şəhərimizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurlu nəticələr əldə etmişdir.
Yığıncağın sonunda bir qrup prokurorluq işçilərinə Şəki şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunmuşdur.
Yazılıb: 02/10/2008
-------------------------------------------

ŞƏKİ ŞƏRAB ZAVODUNUN TİKİNTİSİ BAŞA ÇATMAQ ÜZRƏDİR

“Aqroinveskom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəkinin Çələbixan qəsəbəsi ərazisində inşa etdiyi şərab zavodunun tikintisi başa çatmaq üzrədir.
Zavodun ümumi dəyəri 7 milyon avrodur. 4 hektar ərazisi olan zavodda üzüm emalı sexi, inzibati bina və yardımçı tikililər inşa edilmişdir. Zavodda İtaliyanın “Bella Doffola SPA” şirkətinə məxsus 4,9 milyon avro dəyərində ən müasir texnoloji avadanlıq quraşdırılmışdır. Müəssisə ildə 2 min ton üzüm emal etmək gücünə malik olacaqdır. İlkin mərhələdə müəssisədə 35 nəfər daimi işçi çalışacaqdır.
Hazırda zavodun tikintisində son tamamlama işləri aparılır.

Yazılıb: 06/10/2008
-------------------------------------------

KALİFORNİYADA AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏT NÜMUNƏLƏRİNƏ HƏSR OLUNMUŞ SƏRGİ KEÇİRİLƏCƏKDİR

ABŞ keramikaçısı Karen Kovliç Kaliforniya ştatında Azərbaycanın maddi mədəniyyət nümunələrindən ibarət növbəti sərgisini təşkil etməyə hazırlaşır.
İki il əvvəl ilk dəfə ölkəmizdə olmuş keramikaçı Şəki şəhərində Şəki xanlarının sarayı və Nəsib Muxtarov adına muzey ilə xüsusi maraqlanmışdı. O, həmin yerlərdə qorunan eksponatlarla tanış olmuş, əldə etdiyi məlumatlardan yararlanaraq 2007-ci ilin sentyabr-oktyabrında Kaliforniyada keramika üzərində əks etdirdiyi nümunələrin sərgisini keçirmişdi. Sərgi ilə bağlı jurnal da çap edilmişdi. Dörd gün davam etmiş sərgi tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Hazırda Azərbaycanda səfərdə olan keramikaçı yenidən Şəki şəhərinə gəlmişdir. Karen Kovliç bir sıra tarixi abidələrlə tanış olmuş, qədim məzarlardan tapılmış saxsı qablar, o cümlədən saxsı məmulatından qədim məscidlərdə və kilsələrdə əks-səda vasitəsi kimi istifadə olunması barədə məlumatlar əldə etmişdir.
Vətənə qayıtdıqdan sonra keramikaçı növbəti sərgisini keçirəcəkdir. O, 2009-cu ilə planlaşdırdığı sərgini əldə etdiyi yeni mənbələrə və maddi mədəniyyət nümunələrinə həsr edəcəkdir.

Yazılıb: 06/10/2008
-------------------------------------------

ŞƏKİNİN SEÇKİ MƏNTƏQƏLƏRİNDƏ PREZİDENT SEÇKİLƏRİNƏ SON HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR

Şəki rayonu ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrinə aid məntəqələrdə oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin seçkilərinə hazırlıq işləri davam etdirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim-planı”na uyğun görülən işlə çərçivəsində bütün məntəqə seçki komissiyaları zəruri texniki və əyani vəsaitlərlə təmin olunmuşdur. Seçkiqabağı təşviqatın aparılması, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılmışdır. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi, peşə hazırlığının artırılması məqsədi ilə treninqlər təşkil edilmiş, komissiya üzvlərinə müvafiq təlimatlar verilmişdir. Hazırda seçki məntəqələrində səsvermə gününə son hazırlıq işləri aparılır, səsvermə günü qeydiyyatda olduğu yerdə səs vermək imkanı olmayan şəxslərə qeydiyyatdançıxma vəsiqələri verilir.
ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, ABŞ və Hollandiyadan olan uzunmüddətli müşahidəçilər Rubi Norfolk və Ben Qroyen, habelə MDB-dən olan müşahidəçilər qrupu Şəki ərazisində fəaliyyət göstərən seçki dairələrində olmuş, ayrı-ayrı məntəqələrdə seçkilərə hazırlığın gedişi ilə maraqlanmışlar.
113 saylı Şəki şəhər seçki dairəsi üzrə 27 seçki məntəqəsi fəaliyyət göstərir. Seçici siyahılarına 35 min 324 seçicinin adı daxil edilmişdir. Səsvermənin gedişini izləmək üçün 195 yerli müşahidəçi qeydiyyatsan keçmişdir.
114 saylı Şəki kənd birinci seçki dairəsində 40 məntəqə üzrə 34 min 427 seçici qeydə alınmışdır. Səsvermənin gedişini 362 yerli müşahidəçi izləyəcəkdir. 42 seçki məntəqəsinin daxil olduğu 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə seçicilərin ümumi sayı 33 min 698 nəfərdir. Dairə üzrə 283 yerli müşahidəçi qeydiyyatdan keçmişdir.

Yazılıb: 06/10/2008


Создан 13 окт 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters