PEYĞƏMBƏR HAQDA BEŞ-ON SÖZ.

VEYSƏL ÇƏRKƏZ, Şəki, 2013.



Peyğəmbər haqda beş-on söz

 

Şair Veysəl Çərkəzin bu şeiri ilk dəfə bizim səhifəmizdə dərc olunur.

11 kitab müəllifi olan Veysəl Çərkəz 1937-ci ildə Şəkidə anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra 40 il Şəkidə

"Azərbaycan dili və ədəbiyyatı" fənnini tədris edib, hazırda təqaüdçüdür.

 

Göy üzündə sükut!

Yer üzündə  hərb

Ara vermir bir an,

Dağ da, dərə də

Səngər olub indi!

Ax səni Qərb,

Qərb"

Sənə də daş atırlar Peyğəmbərə də.

 

Günəş tək doğdu O sanki Məkkədən,

Andı-Haq,

Bayrağı - Qurani-Kərim.

Heyf ki, o zaman doğulmadım mən,

Onun haqq səsinə ilkin səs verim.

 

Yalana o qədər öyrəşib dilim,

Daha topuq çalır,

Necə düz deyim?

Qivvət ver, İlahi, əsməsin əlim,

Ürəyim doludur,

Beş-on söz deyim!

 

Çox da uzaq deyil ömrümün sonu,

İlahi, möhlət ver mənə beş-on gün!

Araq içənlərçün yazmıram bunu,

Yazıram gündə beş namaz qılançün.

 

Doğru yola qaytar yol azmışamsa,

Yaxşılıq xeyirim, pislik şərimdi.

Peyğəmbər barədə nə yazmışamsa,

Eşitdiklərimdi, bildiklərimdi.

 

Namazda dediyim duam

                   

Allahın quluyuq, Sənin ümmətin,

O böyük, Sən ulu, ya Rəsulallah.

Bir gözümüz-elm,

Bir gözümüz-Din,

Yolumuz Haq yolu, ya Rəsulallah.

 

Tanrı uzaq deyil bizdən, ucadı,

Axşam kölgəsidi,

Çöhrəsi-səhər.

Nə olsun ürəyim çox balacadı,

Sizə olan sevgim sığır bir təhər.

 

Mənim türk dilimdə "Yer" sözü üç hərf,

Yaratdı onu "ol" sözü Allahın.

Oxuduq "Quranı",

Nə böyük şərəf -

Dili səninkidi, özü Allahın.

 

Neçə min Peygəmbər gəlib cahana,

Səndən çox-çox qabaq, ya Rəsulallah

Adıyla çağrılıb,

Amma tək sənə

"Həbibim" deyib Haq, ya Rəsulallah.

 

Yurdum əldən gedib, can nəyə lazım?

Dərdimə şərik ol, ya Rəsulallah.

Belə bir duayla bitir namazım:

"Aç qələbəmə yol, ya Rəsulallah".

 

"Bizi qoru, Bizdən Razı ol, Allah!"

 

Sənin duandı bu,

Hər namaz vaxtı

Dedin ömrün boyu, ya Rəsulallah.

 

Dünya çox böyükdü,

Yer sənin taxtın,

Kainat - Allahın, ya Rəsulallah.

 

Ərş-kürş neçə qat!

Bir qat bizimdi,

Yeddi qat Allahın, ya Rəsulallah.

 

"Merac" yoludu o "Süd yolu," "Merac",

Ulduzlar gör necə düzüm-düzümdü.

Nə torpaq var orda, nə su, nə ağac.

Ora necə getdin, ya Rəsulallah?

Nə bildin bahardı orda, yoxsa qış?

Niyə gecə getdin, ya Rəsullah?

Gələndə yatağın soyumayıbmış...

 

"Görünməz heç kəsin gözünə Rəbbim"...

Sən nə demisənsə, doğru-düz olur.

Haraya çevirsə üzünü Rəbbim,

Həm səhər açılır,

Həm gündüz olur.

 

Sən nə deyibsən, doğru-düz olur.

 

Tanrı uzaq deyil bizdən, ucadı,

Axşam kölgəsidi,

Çöhrəsi - səhər.

Nə olsun ürəyim çox balacadı,

Sizə olan sevgim sığır bir təhər.

 

Neçə min Peygəmbər ölüb dünyada,

Bədən torpaq olub, amma ruh - mələk.

Axtar qitə-qitə,

Gəz ada-ada,

Harda bir Peygəmbər qəbri var görək.

 

Hanı, varmı elə məzar -

Başdaşı?

Ya qara daş olsun, ya qara mərmər?

Yazılsın üstünə "Peyğəmbər" sözü!

Yaşı!

Adı!

Axtar,

Tap,

Bu göy, bu yer?!

 

Mənim Peygəmbərim - bəşər övladı,

Kəfən - son geyimi,

İlk donu - bələk.

İndi "Salavatsız" çəkilmir adı,

Məzarı da gerçək, özü də gerçək,

 

Harda yaşayıbsa - uyuyur orda,

On dörd əsrdi ki, çırağı sönmür.

Atası Abdulla yatır bir gorda,

Beş addım aralı - anası Ümmü.

 

Ona geyrət dərsi keçibdi ata,

Ana layla deyib, süd verib təmiz.

"Belə anaların ayağı altda

Cənnət olur" deyib Peyğəmbərimiz.

 

Oxşamayıb bircə doğumda bizə,

Ağlamalı idi, gülübdü amma.

Möcüzə idi bu, əsl möcüzə,

Ölməz bilirdilər, ölübdü amma.

 

"Mədinə olacaq son mənzil yerim",

Deyirmiş uşaqkən,

Sözü çin olub.

Böyüyüb,

Bayrağı - "Qurani-Kərim,"

Həbibi - Haq-təala,

Andı - Din olub.

 

Yerdə az yaşadı, az - altmış üç il,

Allahdan savayı kim əbədidir?

Mədinədəki qəbri - sadə son mənzil,

Hər müsəlman qəlbi bir məbədidir.

 

Mədinə - qədim bir şəhər,

Buraya

Məni Peyğəmbərə sevgim gətirir.

Burda şükür deyir qismətə, paya

Hamı,

Torpaq çətin ruzu bitirir.

 

Yenə bu qəribə ölkədəyəm mən,

Xurmasız keçmədi bir nahar burda.

Qıtdı sərin suyu,

İsti bol.

Göydən

Elə bil od yağır ilk bahar burda.

 

 

Qızıl gül göyərməz, bitməz nar burda,

Dərə qum, təpə qum, eniş-yoxuş qum.

Bir məkkəli ərəb qəbri var burda,

Sakini də məlum, yaşı da məlum.

 

Məkkədə göz açıb dunyaya,

Ancaq

Qəbri Mədinədə olub Pir, Ocaq,

Dünyanın and yeri,

Bu tək qəbirdə

Yatır Yer üzünün son Peyğəmbəri.

 

Şeyx Şamilin arzusu

 

Orda ayaq izim bəlkə itibdi,

Bir də düşəydi kaş yolum, İlahi.

Görsəm qəbri üstə otlar bitibdi,

Yolum əllərimlə, yolum,İlahi.

 

İçdim su tək ömrü, kasa əlimdə,

Çarıq ayağımda, əsa əlimdə.

Əlim tək təsbehim əsə əlimdə,

Bulud tək boşalım, dolum, İlahi.

 

O yer şeir, sənət, söz sevən yerdi,

Bir oğlu həm qulun, həm Peyğəmbərdi.

Şairə çıxarıb xirgəni verdi

O fəxrim, güvəncim, ulum, İlahi!

 

 

Onunla dərdimi bölüm deyirəm,

Aglayım deyirəm,gülüm deyirəm.

Qəbrinin yanında ölüm deyirəm,

Onun gor qonşusu olum, İlahi.

 

Peygəmbərin ilk çıxışı

 

Gec dedi, bir az gec:

"Peygəmbərəm mən.

 

Allah təkdi,ondan ayrı Allah yox,

Rəbbini sev,

Çəkin, qorx tək Rəbbidən.

Amma qır bütləri,

Nə çəkin, nə qorx!

 

Ramazan ayında, - duyurub Allah,

Gərək oruc tutaq hamımız, - dedi.

Onda açıq olar o uca Dərgah,

Gül açar hər arzu - kamımız, - dedi.

 

Oruckən

Nə su iç, nə də qəlyan çək,

Soyusun qoy bir ay qazanlar, saclar.

Gərək aclığın da dadını bilək,

Yoxsa tox nə bilər nə çəkir aclar."

 

Susdu O,

Bürüdü hamını heyrət,

Dərin sükut çökdü,

Bircə an fəqət.

 

Kimsə dedi: dərdin varsa, göyə qalx,

Allah orda olur, uç get, qanad tax.

Tək səbir! Yalandan asqırdı kimsə,

Kimsə gülüb dedi: Peygəmbərə bax!

                       Beşinci ərəb:

Sən Peygəmbərsənsə, əgər, mən demək

Allaham, büt haqqı, dedi bir ərəb.

                       Altıncı ərəb:

Bu gün Peyğəmbərəm deyirsə, nə şək,

Allaham deyəcək sabah da...

                       Yeddinci ərəb

Ya Rəbb!

Qoru özün Onu,

Hələ biz azıq!

                       Səkkizinci ərəb:

Agıllı da yazıq!

Dəli də yazıq!

                       Doqquzuncu - Məkkəli zənci:

Adət dinə dönür, din olur adət,

 

Nəğmə tək oxundu dildə - dodaqda

"Kəlmeyi-şəhadət",

Gah açıq-aşkar,

Gah gizli-xəlvət.

Çıxdı ölüm hökmü Peyğəmbər haqda.

Qılınca əl atdı min bir bütpərəst,

Gündə neçə qətl!

Gündə neçə qəsd!

Ölüm hökmü çıxdı Peyğəmbər haqda.

 

Onda vəhy gəldi:

"Məkkəni tərk et!"

 

Gecə yarı,

Xəlvət

Çıxıb Məkkədən

Gedirdi Peyğəmbər Əbubəkirlə.

Mədinə çağırıb!

Deyir: köç gəl sən,

Birlikdə döyüşək şərlə, məkrlə!

Dünyanı cənnətə döndərək,

Gəl sən!

İstəsən fil tapıb göndərək,

Gəl sən!

 

Bir Vətən əhliyik,

Gəl yaşa burda,

Təzə evin olar,

Ağ dəvən olar.

Ömrü Peyğəmbər tək vur başa burda,

Oğul nəvən olar,

Qız nəvən olar...

Gedirdi Peygəmbər Əbubəkirlə.

 

Yenə vəhy gəldi:

 

"Yoldan çıx!

Məkkədən

Atlı dəstə gəlir dalınca,

Gizlən.

Peygəmbər əl atmaz heç vaxt qılınca,

Döyüşmə!

Yusifi, Nuhu sal yada.

Gecəni keçirin bir mağarada."

 

Mağara

 

Yola çox yaxınmış mağara,

Səhər

Uzanan kölgəsi çatırmış yola.

Yaxşı ki burda yer satılmır pula,

Nə İsa sevənə, nə bütpərəstə.

Boğdu Əbubəkri acı bir qəhər.

Keçib oturdular daşların üstə.

İki ağ göyərçin, bir boz hörümçək

Yatırdı onların başları üstə,

Açıq mağaranın sakinləri tək.

 

Oyandı göyərçin,

Qəribə quşdu;

Nəğmə oxudu öz dilində:

Qu! Qu!

Qonağın çiyninə ağ lələk düşdü,

Bəlkə göyərçinin salamıydı bu?!

 

Hörumçək girişi  bağladı torla.

 

Magara önünə çatdı atlılar,

Parladı əllərdə qılınclar par-par.

-Uzaq gedə bilməz,

Gizlənib burda,

Dedilər.

Çağıraq,

Çıxmasa,

Zorla

Çıxaraq,

Yem olsun ac quşa-qurda.

 

Gəldi mağaraya biri at sürüb,

Amma o hörümçək torunu görüb

Dondu,

Döndü geri,

Dedi:

Eh, əbəs

Biz vaxt itiririk;

Boşdu

Mağaraya girməyib heç kəs

 

Getdilər,

Kəsildi qamçı, nal səsi.

Toz yatdı,

Buz sükut çökdü hər yerə,

Bir də dəstənin mey iyli nəfəsi.

 

Yenə sübh donunu geydi düz-dərə.

Rahat nəfəs aldı Əbubəkir, rahat...

 

- Hələ tezdi dedi Peyğəmbər,

Sən yat.

Özü sübh namazı qılıb dörd rekat,

Çıxdı mağaradan,

Gördü Gün doğur.

Artdı bir az da üzündəki nur.

 

Qayıtdı Peyğəmbər tələsik,

Gördü

Təkdi Əbubəkir, tək,

Göyərçinlər uçub,

Gedib hörümçək.

 

- Yola düşmək olar dedi dostuna.

Yenə cingildədi qulağı,

Güldü;

Kimsə "olar" dedi qeybdən Ona.

Bu səs Cəbrayılın tanış səsiydi...

Nəsə!

Uğur idi bu həm, ilk uğur,

Həm Peyğəmbərin ilk möcüzəsiydi!

 

Merac

 

"Merac!"

Necə yazım, bilmirəm,necə,

Şeirə, nəsrə sığmaz, ya Rəsulallah,

Merac - Haqla görüş!

O xoşbəxt gecə

Milyon əsrə sığmaz, ya Rəsulallah.

 

Tanrı "əs" deməsə yelə də orda,

Əsməz heç, sirdi, sirr, ya Rəsulallah.

Qalır ayaq izin hələ də orda,

İtməz milyon əsr, ya Rəsulallah.

 

O Haq-təalayla görüşdüyün yer

Göyün son qatımı,ya Rəsulallah?

Yoxsa Büraq - səni aparan kəhər

Qarabağ atımı,ya Rəsulallah?

 

Gecə olmur orda,

Orda Gün batmır,

Axı Allahımız, Rəbbimiz yatmır.

Ora dəvə yeri, fil yeri deyil,

Getsə, qanad salır quş, ora çatmır.

 

Tanrı nəfəsimi hava bəs orda?

Zülüm yoxmu orda, ya Rəsulallah?

Olmurmu heç döyüş, dava bəs orda?

Ölüm yoxmu orda, ya Rəsulallah?

 

Allahın Peyğəmbərlə söhbəti

                   

"Yerdə bəndələrin yarısı acdı,

Artıb koru, karı, eşit, Həbibim!

Orucdu,

Namazdı,

Zəkatdı,

Hacdı

Cənnətin açarı, eşit, Həbibim!

 

"Zəbur", "Tövrat", "İncil",

Üç kitab

Yerə

Dirək olub, dirək.

İndi mən gərək

Təzə kitab verim son Peyğəmbərə.

Zaman necə yeyin ötür, Həbibim?!

Buyur, bu da "Quran"!

Götür, Həbibim.

 

Tox çoxdu,

Azdı çox gözu tox Yerdə.

Özü yaratdığı bütə inanır

Mənim yaratdığım,

Mənə yox, Yerdə."

 

Körpə ki doğulur,

Qızdısa,

O gün

Ata diri-diri dəfn edir onu.

Kəsilmir qəbrində neçə gün səs-ün..."

 

Bu, Tanrı səsiydi,mənası dərin,

O biri, ruhuydu son Peyğəmbərin.

 

"Peygəmbər haqqı!"

 

Gəldi Peygəmbər tək O yer üzünə,

Haq-Təala verdi Ona bu haqqı.

İstəsən and içim yüz cür:

"Su haqqı"

"Göy haqqı,"

"Yer haqqı",

"Peyğəmbər haqqı".

 

Gəldi O,

Baş əydi Ona dağ-dərə.

Hələ düşməmişdi saçlarına dən.

Elə "Namaz"oldu Onun ilk sözü,

Əzan səsi düşdü minarələrdən

Hər yana,

Hər yerə,

Gündə beş kərə.

Namaz qıldı hamı

Ərəb dilində.

Eşidir Haq bizi,

Görür Haq bizi

"Ərşi-Əla"boyda göy mobilində,

Gündə beş kərə.

 

Nə yaxşı gəldi O,

Artdı istisi

Gündüz Günəşin də,

Gecə Ayın da.

 

Nə yaxşı gəldi O,

Dəyişdi səsi

Əsən küləyin də,

Axan çayın da.

 

Nə yaxşı gəldi O,

Bismillah üstə

Əkdilər payızda,

Yazda biçdilər,

Yeddi sünbül bitdi bircə dən üstə.

Bisimillah üstə yeyib-içdilər,

Doydu yekə qarın,

Gözü ac doydu,

Axı yedikləri halal duz-çörək,

İçdikləri haram şərab yox, suydu.

 

Nə qədər xəstənin,

Nə qədər acın

Nəsə ümid odu yandı gözündə.

Dedilər dostusa o, Haq-təalanın,

Bu yer üzündə,

Ondadı əlacı

Hər dərd-bəlanın.

 

Doldu Allah xofu insan beyninə,

Gah isindi ürək, gah dondu ürək.

Qalmadı bütlərə inam heç kəsdə.

Dərman əvəzinə

Son Peyğəmbərin

Köhnə paltarını geyib əyninə

Sagaldı çox xəstə,

İnam gücüylə.

Kəsildi kökləri nə qədər şərin

Xeyir ülgücüylə,

Haq ülgücüylə.

Amma dəyişmədi tək bir ənənə-

Dərin qazıldı çox məzarlar yenə,

Qadın məzarları bir az da dərin!

 

Vaxtında gəldi O, şükür Allaha!

Öz körpə qızını

Doğulan gecə

Torpağa kömmədi bir ərəb daha,

Böyütdü evində gəlin gedincə.

 

"Butün müsəlmanlar qardaşdı" deyib,

Qardaş dayaq olsun qardaşa gərək.

Gəlin qardaşlar tək əl-ələ verək,

Yoxsa qurtaracaq şər bizi yeyib.

 

Gec açdı sirri O, gec,

Qırx yaşında.

Son Peyğəmbəriyəm, dedi, mən Yerin.

Qəribə bir fikir gəzir başımda:

Mənim ömür yolum olub tən yarı.

Bilirəm, Peyğəmbər olmaram,

Barı

Kölgəsi olaydım kaş Peyğəmbərin.

 

Peyğəmbərin qəbir qonşusu

 

Kimdi qəbir qonşun? - soruşdu bir gənc!

Sirdi, dedi ona Peyğəmbər, bu, sirr.

Görəcəksən onu, amma gec, çox gec,

Gözlə on üç əsr, döz on üç əsr.

 

Ötdü min üç yüz il,

Gəlib bir səhər

Peyğəmbər qəbrinə çatdı Şeyx Şamil.

Aləm qarşıladı bu Haq sevəni,

 

Amma döşənmədi yoluna xalı.

Xıxladı dəvəni,

Nə oldu?

Birdən

Ayağı altından sanki qaçdı yer,

Çökdü gözünə çən,

Pisləşdi halı,

Titrədi, əsnədi,

Ağardı rəngi...

Ölümlə çox uzun çəkmədi cəngi,

Çara əymədi baş, ölümə əydi.

Elə bil içində söndü od-ocaq.

Hələ bir ayağı üzəngidəydi,

Yerdəydi o biri ayağı ancaq.

 

Dözüb hər ağrıya, dözüb hər dərdə,

Qəlbinə dammışdı - bu yol son yoldu.

Qazıldı məzarı öldüyü yerdə,

Peyğəmbərlə qəbir qonşusu oldu.

 

ŞƏKİ, may 2013.



Создан 10 июл 2013



  Комментарии       
Всего 4, последний 3 года назад
arif.cherkezov 19 июл 2013 ответить
Стихи с глубоким смыслом. СУПЕР!!!
shakhniev 20 июл 2013 ответить
чох йaxшы шейирлердир!
elchin 24 июл 2013 ответить
eladi
cherkezov.1998 11 окт 2014 ответить
Super ela
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters