ÇALIŞQAN VƏ İNTİZAMLI TƏLƏBƏ, ƏDALƏTLİ HAKİM

İlham ABBASOV, Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru



ÇALIŞQAN VƏ İNTİZAMLI TƏLƏBƏ,

ƏDALƏTLİ HAKİM

 

 

            Tale belə gətirdi ki, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun-İ.A.) Hüquq fakültəsinə daxil olmaqla, 1966-1971-ci illərdə həmin fakültədə təhsil almışam. Həmin vaxt biz 25 nəfər idik.         

         Ramazan Burcayev da daxil olmaqla, tələbələrdən 5 nəfəri, bizə nisbətən, yaşlı idilər. Ramazan Burcayev həqiqi hərbi xidmət borcunu verdikdən sonra Universitetə daxil olmuşdu. Biz onu özümüzə ağsaqqal bilir və hörmətini saxlayırdıq. Daha doğrusu, bu hörməti o, özü qazanmışdı. Ramazan Burcayev özünü tələbələr arasında həmişə ağsaqqal kimi, hövsələli aparırdı.

         Mən I kursda oxuyarkən, yataqxanada yerlə gec təmin edildiyimdən, yuxarı kursların tələbələri ilə qalırdım. Lakin II kursda isə Ramazan Burcayev, daha bir  nisbətən yaşlı, Ağakişiyev Zakirlə bir otaqda qalırdıq. III kursdan isə etibarən Ağakişiyev Zakirlə Ramazan Burcayev Bakı şəhərinin Patamdar qəsəbəsində mənzil kirayə edib, orada yaşayırdılar.

         Biz Universitetə oxuduğumuz illər Azərbaycan dilində hüquq ədəbiyyatı, demək olar ki, yox idi, hüquq ədəbiyyatı, bir sözlə, dərsliklər rus dilində idi. Çoxumuz isə orta məktəbdən sonra universitetə qəbul olmuş, hərbi qulluqda olmadığımıza görə bu səbəbdən rus dilini zəif bilirdik. Lakin Ramazan Burcayev isə, əvvəldə göstərdiyim kimi, həqiqi hərbi xidmət keçdikdən sonra ali məktəbə qəbul olunduğuna görə rus dilini yaxşı bilirdi. Həmin dövrdə bir çox tələbələr müəllimin mühazirələrini yazıb çatdıra bilmirdilər. Ona görə də həmin dövrlər Ramazan Burcayev yataqxanada yaşayan tələbələrə yaxından köməklik edirdi. Axşamlar biz Ramazan Burcayevin başına yığışır, o isə rus dilində olan hüquq ədəbiyyatından tərcümə edər, biz isə onun dedikləri əsasında konspektimizi yazırdıq. Bəzən elə olurdu ki, yataqxanada başqa otaqlarda yaşayan tələbə yoldaşlarımız, bir sıra hallarda isə kirayədə yaşayan tələbələrimiz də seminar məşğələlərinə hazırlaşmaq üçün bizim otağa gəlib Ramazan Burcayevin köməyindən yararlanırdılar.

R.burcayev Şəki Apellyasiya Məhkəməsinin hakimləri ilə

         Bir də görürdün Ramazan Burcayev, əgər belə demək mümkünsə, tərcümə işinin mühüm anında işi dayandırır, deyirdi ki, icazə verin bir siqaret çəkim və ya imkan verin bir stəkan çay içək. Belə hallarda tələbə yoldaşlarımızdan bəziləri siqaret tapıb gətirər, yaxud təzə çay dəmləyib, bir stəkan süzüb gətirərdilər. Hazırda isə hüquq fakültəsində oxuyan tələbələrin işi bu cəhətdən asandır. Belə ki, indi Azərbaycan dilində, o cümlədən latın qrafikası ilə çap olunmuş hüquq ədəbiyyatı çoxdur. Əgər nəzərə alsaq ki, müasir dövrdə hüquq ədəbiyyatının bir çoxu Azərbaycan dilinə tərcümə edilmişdir, bu mənada hüquqşünas tələbələr çətinlik çəkmirlər.

         Həmçinin, Ramazan Burcayev, əvvəldə qeyd etdiyim kimi, həqiqi hərbi xidmət keçdiyindən və Sovetlər dönəmində hərbi xidmətin rus dilində keçməyini nəzərə alsaq, o bu sahədə də tələbə yoldaşlarına yaxından köməklik edirdi.

         Ümumiyyətlə, Ramazan Burcayev çox intizamlı tələbə idi və özünü həmişə biz tələbələr arasında ağayana aparırdı. Lakin bir dəfə hiss etdim ki, yaşadığımız otağın təmizlənməsi Ramaz Burcayevin növbəsi olsa da o, növbəsinə əməl etməmişdir. Onu da qeyd edim ki, bizim yaşadığımız 50-ci otaq, bir qayda olaraq, həmişə nümunəvi otaq hesab edilir və yataqxananın girişində-birinci mərtəbəsində otaqların qiymətləndirilməsi cədvəlində bizim otağımızın işinə həmişə əla qiymət verilirdi. Lakin bu dəfə, otağın vəziyyətinə görə, hiss etdim ki, Ramazan Burcayev otağa təmizləmək növbəsinə nədənsə əməl etməmiş, otaq təmizlənməmişdir. Mən bunu ona irad tutanda Ramazan Burcayev bildirdi ki, ola bilməz, mən otağı təmizləmişəm. Ramazan Burcayevin otaq təmizləmək növbəsi gəldikdə mən bir ağ kağız parçasını onun çarpayısının altına divarın yanına tulladım. Otağa daxil olduqda mənə aydın oldu ki, otaq yenə də təmizlənməmişdi. Mən bunu Ramazan Burcayevə irad tutduqda, o dedi ki, mən otağı təmizləmişəm. Bu zaman mən onun çarpayısının altındakı ağ kağızı göstərib dedim:

         - Yaxşı, otağı necə təmizləmisən ki, öz çarpayının altındakı kağızı görməmisən?!        

         Bu sözdən sonra Ramazan mübahisəyə yol vermədi, gülümsədi və dedi:

         - Düz sözə nə demək olar, cənab faktın qarşısında şlyapanı çıxartmaq lazımdır.

         Bundan sonra Ramazan Burcayev otağı təmizləmək növbəsinə həmişə ciddi əməl etdi.

R.Burcayev Şəki Apellyasiya Məhkəməsinin kollektivi ilə

         Onu da deyim ki, həmin dövrlərdə yataqxanamızda universitet müəllimləri, o cümlədən hüquq fakültəsinin müəllimləri ilə görüşlər təşkil olunur, yataqxana otaqlarına ictimai baxış keçirilərdi. Belə hallarda bizim yaşadığımız otağın təmizliyi həmişə nümunə kimi qeyd edilərdi.

         Yaxşı yadımdadı, 1968-ci ildə hüquq fakültəsinin bir qrup tələbəsi müəllimlərimizlə ilə birlikdə «Babazadə» teplaxodu ilə «Neft daşları»na ekskursiyaya getdik, qəhraman dəniz neftçilərinin şanlı əməyi və məişəti ilə tanış olduq. Ekskursiyamız çox maraqlı və şən keçdi. Teplaxodda ekskursiyadan yadigar olaraq foto-şəkillər də çəkdirdik.

         1971-ci ilin iyun ayında təhsilimizi başa vurduq. Tələbələrdən bir neçəsi, o cümlədən Burcayev Ramazan, Südabə Həsənova (hazırda S.Həsənova Konstitiusiya məhkəmisinin hakimidir-İ.A.) və başqalarının təyinatı kemiş Azərbaycan SSR Ədliyyə Nazirliyinə verildi və onlar Ədliyyə Nazirliyinin Məhkəmə Orqanlar İdarəsində hakim-stajor vəzifəsinə təyin edildilər. Ramazan Burcayev 1972-ci ildə Balakən rayonunun xalq hakimi vəzifəsinə seçildi və 1976-cı ilə kimi həmin vəzifədə çalışdı. O, işində çox dəqiq, işgüzar və qanunpərəst olmaqla, ədalətli hakim idi. Təsadüfi deyildi ki, o, 1976-1987-ci illərdə Ağdam rayon xalq məhkəməsinin Sədri vəzifəsində işləmişdir.

         Daha bir tələbə yoldaşımız, mərhum Firid müəllim də, həmin vaxtlar Ağdam rayon milis şöbəsində (hazırkı anlamda polis şöbəsində-İ.A.) istintaq bölməsinin rəisi vəzifəsində işləmişdir. Firid müəllim söhbətlərində deyirdi ki, Ramazan Burcayev Ağdamada özünü çox obyektiv, ədalətli, işində ciddi, humanist hakim kimi aparmaqla, rayon ictimaiyyəti arasında böyük nüfuza malik idi.

         Ramazan Burcayev 1995-1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuş, 1987-2000-ci illərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsində çalışmışdır. O, 2000-2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini-Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının Sədri vəzifəsində işləmişdir.

         2007-2010-cu illərdə Ramazan Burcayev Şəki Apellyasya Məhkəməsinin Sədri işləməklə, Şəki ictimaiyyəti arasında böyük nüfuza malik idi.

         R.Burcayevin ailəsində özü kimi zəhmətkeş, insanpərvər beş övlad böyüyüb tərbiyə almışdır. Övladlarından dördü hüquqşünas olmaqla, atalarının yolunu davam etdirir, oğlu İmran isə hazırda Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi vəzifəsində işləyir.

         Ramazan Burcayev 2010-cu ilin sentyabr ayının 10-da təqaüdə çıxmış və 7 dekabr 2012-ci ildə vəfat etmişdir. O, biz tələbə yoldaşlarının xatirində çalışqan və intizamlı tələbə kimi, iş yoldaşlarının və hüquq ictimaiyyətinin xatirində isə ədalətli hakim kimi qalacaqdı.

         Allah ona qəni-qəni rəhmət etsin.

 

         İlham Abbasov,

Ədliyyə Akademiyasının prorektoru-hüquq üzrə fəlsəfə doktoru

 

Baş ədliyyə müşaviri

prokurorluğun fəxri işçisi



Создан 16 июл 2013



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters