RASİM OCAQOV - 75

ŞƏKİDƏ MƏŞHUR KİNOREJİSSORUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR, 29 noyabr 2008.



ŞƏKİDƏ KİNOREJİSSOR RASİM OCAQOVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR

Görkəmli kinorejissor və operator, xalq artisti Rasim Ocaqovun anadan olmasının 75 illiyi onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük sevgi və məhəbbətlə qeyd edilmişdir.
Şəhər icra hakimiyyəti başçısının xüsusi sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, yubileylə əlaqədar noyabrın 29-da Şəkidə silsilə tədbirlər keçirilmişdir. Yubiley tədbirlərində sənətkarın ailə üzvləri, sənət dostları, respublikanın tanınmış incəsənət və mədəniyyət xadimləri, aktyorlar, habelə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Kinorejissor R.Ocaqovun 75 illiyinə həsr edilmiş yubiley tədbirləri görkəmli sənətkarın Şəki şəhərində doğulduğu mənzilə xatirə lövhəsinin vurulması mərasimi ilə başlanmışdır.

Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Şəkidə Azərbaycan kino mədəniyyəti tarixində özünəməxsus yeri olan, dövlət mükafatları laureatı, xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Rasim Ocaqovun 75 illiyinin qeyd olunmasını şəhərin mədəni həyatında olduqca əlamətdar hadisə kimi dəyərləndirmişdir.

Qeyd olunmuşdur ki, R.Ocaqovun yaradıcılığı Azərbaycan kino mədəniyyəti tarixində xüsusi bir mərhələni təşkil edir. O, 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olmuşdur. 1951-ci ildə Şəkidə orta məktəbi bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olmuşdur. 1956-cı ildə institutu müvəffəqiyyətlə başa vuran R.Ocaqov bütün ömrünü kino sənətinə həsr etmişdir. Əmək fəaliyyətinə operator kimi başlayan sənətkar daha sonra rejissorluq fəaliyyəti ilə məşğul olmuşdur. İlk rejissor işi olan “Qatır Məmməd” filmini 1974- cü ildə çəkmişdir. Sənətkarın sonuncu işi isə 1999-cu ildə çəkilmiş “Otel otağı” filmidir.

Məlumat verilmişdir ki, şəhər icra hakimiyyəti başçısının imzaladığı xüsusi sərəncama uyğun olaraq, Şəkidə Rasim Ocaqovun büstü qoyulacaq, şəhərin ən böyük küçələrindən birinə, habelə uşaq yaradıcılıq mərkəzinə görkəmli kinorejissorun adı veriləcəkdir.

Tədbirdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradov, Azərbaycan Professional Rejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev, R.Ocaqovla uzun müddət bir yerdə çalışmış operator Kənan Məmmədov, sənətkarın bir sıra filmlərində əsas rollara çəkilmiş respublikanın xalq artisti Hacı İsmayılov çıxış edərək, görkəmli sənətkarla bağlı xatirələrini danışmışlar. Qeyd olunmuşdur ki, kino mədəniyyəti ənənələrimiznin zənginləşdirilməsinə böyük əmək sərf etmiş R.Ocaqov dünya kinematoqrafiyasının ən yaxşı ənənələrini Azərbaycan kinosuna gətirmişdir.
Sonra xatirə lövhəsinin üzərindəki ağ örtük götürülmüş, önünə gül-çiçək düzülmüşdür.

Daha sonra yubiley tədbiri Şəki Dövlət Dram Teatrında davam etdirilmişdir. Teatrın foyesində təşkil edilmiş “Mən kinoda sözümü demişəm” adlı foto sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Tədbir iştirakçılarına “Şəki-İpək” ASC-nin təsisçisi olduğu “Qafqaz plyus” jurnalının R.Ocaqova həsr olunmuş xüsusi buraxılışı təqdim edilmişdir.

Teatrın zalında keçirilən xatirə gecəsində xalq artistləri Şəfiqə Məmmədova, Fəxrəddin Manafov, Hacı İsmayılov, Nuriyyə Əhmədova, kinoşünas Ayaz Salayev və başqaları çıxış edərək, kinorejissor Rasim Ocaqovun həyat və yaradıcılığından söz açmış, onunla baqlı xatirələrini bölüşmüşlər.

Xatirə gecəsində şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov çıxış edərək, qonaqlara milli kinomuzun korifey sənətkarlarından olan R.Ocaqovun Şəki şəhərində keçirilən yubiley tədbirlərində yaxından iştirak etdiklərinə görə minnətdarlığını bildirmiş, görkəmli sənətkarın ailə üzvlərinə şəkililər adından xatirə hədiyyəsi təqdim etmişdir.


***************************************************************************

Həyatı

Rasim Ocaqov – rejissor, operator. 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı, respublikanın xalq artisti olub.

Azərbaycan kino rejissoru və operatoru. Azərb.SSR xalq artisti (1982) Azərb.SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi. SSRİ Dövlət mükafatı laureatı. Azərb.SSR Dövlət Mükafatı laureatı(1980).

Moskva Kinematoqrafiya İnstitutunu bitirəndə Rasim müəllim kinooperator olmaq istəyirdi. 50-ci illərdə Azərbaycan kinosunda artıq yeni operator nəsli yetişmişdi. Muxtar Dadaşov, Teyyub Axundov, Xan Babayev, Əlisəttar Atakişiyev və başqaları kinomuzda operator kimi fəaliyyət göstərirdilər.

50-ci illərin sonlarından başlayaraq kinomuzda, həqiqətən, güclü bir canlanma var idi. Yeni nəfəs, yeni mövzular gəlirdi kinoya. Və belə bir vaxtda Rasim Ocaqov Bakı kinostudiyasında ilk çəkilişlərinə başladı. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmində işlədi. Filmdə baş operator Marqarita Pilixina idi. Görkəmli kinorejissor Əjdər İbrahimovun bu kino əsərini Bakı kinostudiyasında çəksə də, M. Qorki adına studiya da filmin şərikli istehsalçısı idi. O, kinokameranın dilini öyrənmişdi, işıq- kölgə münasibətləri, müxtəlif planların ardıcıl qurulması artıq operator kimi onun üçün problem deyildi. Ətrafındakılar bu gənc operatorun gələcək taleyindən də narahat deyildirlər. Çünki Rasim Ocaqov elə ilk çəkilişlərdə özünü təsdiq etmişdi və sevib-seçdiyi sənətin çətinliklərini yaxşı başa düşürdü. Rasim Ocaqovun operator kimi çəkdiyi filmlərdə kadrlar süjetin ümumi axarına elə uyğunlaşdırılırdı ki, tamaşaçı çox vaxt bu kadrların təsirindən çıxa bilmir, filmin sonuna kimi eyni həvəslə tamaşa edirdi.

“Onun böyük ürəyi” flimi isə R. Ocaqovun ilk sərbəst işi idi. Yenə də rejissor Əjdər İbrahimov onu öz filminə gətirmişdi. 1958-ci ildə Bakı kinostudiyasında lentə alınmış bu filmdə Rasim Ocaqov həm də özünü psixoloji anların ustası kimi təsdiq etdi. Bu film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Ancaq hiss edirsən ki, bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. İnsanların od püskürən soba qarşısındakı gərgin anlarını, bəzən romantik məqamlarda geniş və orta planlardakı vəziyyətləri elə ustalıqla yaradılmışdır ki, tamaşaçı həqiqətən onun yaradıcılarının istedadına heyran qalır. Doğrudan da, tamaşaçı filmə operatorun gözü ilə baxır. Əgər kinooperator duyumlu, texniki cəhətdən mükəm- məldirsə, deməli, filmin baxımlılığı təmin olunmuşdur.

Rasim Ocaqov kinoya heç vaxt artıq bir detal gətirməyib. O, bəzən heç rejissorla məsləhətləşmədən çəkilişləri aparır, sonradan bu kadrlara birgə tamaşa edəndə rejissorlar onun işinə qibtə edərdilər. “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

Azərbaycan kinosunda filmlərlə bağlı bəzən qalmaqallı hadisələr olub. Elə “Gəncəbasarlı qisasçı” filmi də belə hadisələrlə üzləşib. Filmi başqa bir rejissora həvalə etmişdilər. Bu, o vaxtlar idi ki, Rasim Ocaqov da kinostudiyaya müəyyən sifarişlər verib, rejissor kimi film çəkmək istədiyini bildirmişdi. Və günlərin birində studiyanın rəhbərliyi Rasim Ocaqova yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini davam etdirməyi həvalə etdi. 1975-ci ildə Rasim Ocaqov ilk dəfə rejissor kimi film çəkməli oldu. Bu tarixi-qəhrəmanlıq janrında çəkiləcək filmə o yenidən başladı. Qəhrəmanların ifaçılarını dəyişdi, ssenariyə əməlli-başlı əl gəzdirdi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi.

Xalq artisti Rasim Ocaqov rejissor kimi 28 ildən artıqdır ki, Azərbaycan kinosunun bədii salnaməsini yaradır. Onun filmlərinin üstünlüyü ondadır ki, Rasim müəllim üçün mövzu məhdudiyyəti yoxdur. Tarixi filmdə də, psixoloji dram janrında da eyni ciddiyyətlə işləyir. “Tütək səsi” filminin uğurları barədə yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bu film müharibə haqqında təsəvvürlərimizə aydınlıq gətirdi. İsa Hüseynov özünün “Saz” və “Tütək səsi” povestləri əsasında yazdığı ssenari rejissor üçün çox zəngin material vermişdi. Daha rejissor seçim qarşısında qalmamışdı. Detallar öz yerində, hadisələr kino dilinə yaxın olduğundan rejissora yalnız filmin quruluşunu vermək qalırdı. Rasim Ocaqovun “Tütək səsi” filmi əsl mənada kinomuzun şedevrlərindən birinə çevrildi. “Tütək səsi” öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından kinomuza xeyli yeniliklər gətirdi. Bu film ekranlara çıxanda kinoteatrlarımızda növbələr düzülmüşdü. Yusif Vəliyevin, Məmmədrza Şeyxzamanovun yaratdığı qəhrəmanlar filmə xüsusi bir ovqat bəxş etmişdi. Xüsusilə Qılınc Qurbanın ifaçısı olan Yusif Vəliyevin bənzərsiz oyunu onu kinomuzun çox yaddaqalan obrazlarından birinə çevirmişdi. Mən dəfələrlə bu filmə tamaşa etmişəm. Hər dəfə də M. Şeyxzamanovu, İsfəndiyar kişinin görsəndiyi səhnələr qəlbimi kövrəldib. Cəbhədə vuruşan oğlunun yolunu həsrətlə gözləyən İsfəndiyar kişi, sazda “Ruhani”ni dilləndirdikcə tamaşaçı bir anlığa müharibənin dəhşətlərinin içərisindən keçirir. Bu duyğuları tamaşaçıda yaşadan və bizləri həmişə düşünməyə, şərə qarşı mübarizə aparmağa səsləyən, rejissor Rasim Ocaqov sonrakı filmlərində də bu dövrümüz üçün vacib ideyaları təlqin etmişdir.

O, müasirlərimizdən elə gözəl, elə səmimi danışır ki, adam bəzən çaşıb qalır. Və düşünürsən ki, axı bu hadisələr bizim ətrafımızda baş verir. Bəs nəyə görə biz onları görə bilmirik və yaxud hansı səbəblərdən bu hadisələrə biganə qalırıq? Belə mövzuların mahir ustası, xalq yazıçısı Rüstəm İbrahimbəyovla Rasim Ocaqovun yaradıcılıq əməkdaşlığını xüsusi olaraq qeyd etmək lazımdır. “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” və bir də “İstintaq” filmləri müasirlərimizin əsl obrazını yaratmaqla bizi ətrafımıza diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də Rasim müəllim ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır. Ancaq Rasim Ocaqov hansı mövzuda film çəkir-çəksin, heç şübhəsiz ki, o aktualdır, bizi düşündürən, xalqımızı narahat edən məsələlərdən danışır.

2006-cı ildə Bakıda dünyasını dəyişib.


***************************************************************************

Filmoqrafiya

Onun Böyük Ürəyi (1958) - operator
Əsl Dost (1959) - operator
Bizim Küçə (1959) - operator
Sən Niyə Susursan (1966) - operator
Bir Cənub Şəhərində (1969) - operator
Əsas Müsahibə (1971) - operator
Skripkanın Sərgüzəşti (1972) - operator
Ömrün İlk Günü (1973) - operator
Qatır Məmməd (1974) - rejissor
Tütək Səsi (1975) - rejissor
Ad Günü (1977) - rejissor
İstintaq (1979) - rejissor
Bağlı Qapı Arxasında (1981) - rejissor
Park (1983) - rejissor
Özgə Həyat (1987) - rejissor
Ölsəm Bağışla (1989) - rejissor
Qətldən 7 Gün Sonra (1990) - rejissor
Təhminə (1993) - rejissor
Həm Ziyarət, Həm Ticarət (1995) - rejissor
Otel Otağı (1999) - rejissor


Создан 02 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters