PEDAQOQUN TRİBUNASİ. FİRƏDUN İBRAHİMOV

Istedadlı uşaqlarla aparılan praktik işin təlim aspektləri



Istedadlı uşaqlarla aparılan praktik işin təlim aspektləri

.....İstedadlı uşaqların özünəməxsus psixoloji xüsusiyyətləri və cəmiyyətin belə uşaqlara olan sosial sifarişinin xüsusiyyətləri onların təlim və tərbiyəsinin məqsədlərini şərtləndirir. Bu təlim–tərbiyənin məqsədi belə uşaqlara onların istedadının növündən asılı olaraq, müəyyən sahələrdə zəruri bilik, bacarıq və vərdişlərin formalaşdırılmasını, onların təfəkkür və şəxsiyyət keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlmişdir. Müxtəlif təlim sistemlərindən asılı olaraq, fərqli məqsədlər aparıcı olabilər. Buna baxmayaraq, aşağıdakı yanaşma bütün istedadlı uşaqlara şamil edilə bilər:
.....- İstedadlı uşaqlar orta təhsil çərçivəsində bütün fənlərə dair bilikləri mənimsəməlidirlər. Lakin onların istedadlı olduqları sahədən və konkret təhsil məqsədlərindən asılı olaraq, bu biliklərin həcmi, məzmunu və s. fərqli ola bilər.
..... Təhsilin əsas məqsədlərindən biri (bəlkə də birincisi) istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Qeyd etmək lazımdır ki, cəmiyyət müasir problemlərinin həllini əsasən məhz bu uşaqlardan gözləyir. Bu səbəbdən də belə uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişaflarının təmin edilməsi təlimin prioritet məqsədlərindəndir. Istedadın sistemləşmiş keyfiyyətlər kimi başa düşülməsi istedadlı uşaqların şəxsiyyət keyfiyyətlərinin inkişafını təlim–tərbiyənin əsas məqsədi kimi nəzərdə tutur. Xüsusi daxili motivasiya istedadın sistemləşmə tərkiblərindən (komponentindən) biri olduğundan, onun dəstəklənməsi və inkişaf etdirilməsi şəxsiyyət inkişafının mərkəzi problemlərindən biridir.
..... Istedadlı uşaqların təlim–tərbiyəsinin prioritet məqsədlərini ümumi şəkildə aşağıdakı kimi formalaşdırmaq olar:
.....- İstedadlı uşaq şəxsiyyətində ruhani–mənəvi əsasların, yüksək mənəvi dəyərlərin inkişaf etdirilməsi;
.....- Yaradıcı şəxsin inkişafı üçün şəraitin təmin edilməsi;
.....- Istedadlı uşağın fəaliyyətinin inkişaf etdirilməsi (onun imkanlarının özünəməxsusluğunun, fərdiliyinin aşkarlanması və inkişaf etdirilməsi);
.....- Kamil dünyagörüşü, yüksək kompitentliyi şərtləndirən və fərdi tələbatlara, meyllərə hazırlığının təmin olunması.
..... Müxtəlif səviyyəli təlim şəxsiyyətyönümlü təlim ideyasına əsaslanır. Şəxsiyyətyönümlü təlimin fərqli formalarında müxtəlif səviyyəli təlim, differensiallaşmanın mahiyyətini aydınlaşdırır. Şəxsiyyətyönümlü təlim texnologiyalarının tətbiqi mütləq təlimin differensiallaşdırılmasını tələb edir. Ümumi qabiliyyətlərə görə, differensiallaşdırma şagirdin ümumi təlim səviyyəsinə, inkişafına istinad etməklə, psixi inkişafın–yaddaşın, təfəkkürün, idraki fəaliyyətin ayrı–ayrı xüsusiyyətlərinin nəzərə alınması əsasında həyata keçirilir. Şagirdlərin qalan fərdi, fərqləri dərsdə müvafiq təlim texnologiyalarının daxili differensiallaşmasının təşkili zamanı nəzərə alına bilər. Ayrı–ayrı qabiliyyətlərə uyğun differensiallaşmada şagirdlərin bu və ya digər fənlərə olan meyl və maraqları nəzərə alınmalıdır.
..... Şagirdlərin ayrı–ayrı fənlərə olan maraqları həm daxili, həm də xarici differensiyada diqqət mərkəzində saxlanılmalıdır. Birinci halda pedaqoji texnologiyaların məcmusundan, ikinci halda müxtəlif səviyyəli təlimdən istifadə olunmalıdır.
..... Istedadlı uşaqlarla aparılan iş zamanı bir sıra təlim prinsipləri diqqət mərkəzində saxlanılır. Bunların sırasından inkişafetdirici və tərbiyəedici, yaş imkanlarının nəzərə alınması, fərdiləşmə və differensiya prinsiplərini xüsusi olaraq fərqləndirmək olar. Inkişafetdirici və tərbiyəedici təlim prinsipi onu ifadə edir ki, təlimin məqsədi, məzmunu və metodları yalnız bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə deyil, həm də idrakı inkişafa və şagirdlərin şəxsiyyət keyfiyyətlərinin inkişafına xidmət etməlidir. Təlimin differensiyası və fərdiləşdirilməsi prinsipi onu ifadə edir ki, onun məqsəd və məzmunu şagirdlərin fərdi və tipoloji xüsusiyyətlərini daha dolğun nəzərə almalıdır. Bu prinsipin reallaşdırılması istedadlı uşaqların təlimi prosesində ona görə daha aktualdır ki, onların fərdi fərqləri daha qabarıq və özünəməxsus şəkildə təzahür edir. Yaş imkanlarının nəzərə alınması prinsipi təlimin məzmununun və metodlarının istedadlı uşaqların müxtəlif inkişaf mərhələlərinə uyğun olan özünəməxsus xüsusiyyətlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Istedadlı uşaqların imkanlarının yüksəkliyi təlimin çətinlik dərəcəsinin həddindən artıq yüksəldilməsinə təhdid etməklə mənfi nəticələrə səbəb ola bilər.
..... Istedadlı uşaqlar üçün hazırlanan təlim proqramlarının məzmununun işlənilməsində əsasən sürətləndirilmiş təlim, məzmunu dərinləşdirilmiş təlim, məzmunu zənginləşdirilmiş təlim, problemləşdirməyə əsaslanan təlim yanaşmaları tətbiq olunur.
..... Sürətləndirilmiş təlim yanaşması qabaqlayıcı inkişafa malik uşaqların tələbat və imkanlarını nəzərə almağa əsas verir. Lakin o çox ehtiyatla və başqa daha münasib təlim formalarının tətbiqinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Sürətləndirilmiş təlim dərs ilinin və ya ümumtəhsil müddətinin tez başa vurulmasına istiqamətlənməməlidir. Bu yanaşma zənginləşdirilmiş və dərinləşdirilmiş proqram şəraitində tətbiq edilməlidir. Əks halda, mənfi təzahürlərin yaranması qaçılmazdır.
..... Məzmunu dərinləşdirilmiş təlim yanaşması konkret bilik və ya fəaliyyət istiqamətinə xüsusi maraq göstərən uşaqlar üçün daha səmərəlidir. Bu zaman müəyyən bir sahənin dərindən öyrənilməsi nəzərdə tutulur. Bu yanaşmanın xüsusi profil məktəblərində tətbiqi daha səmərəlidir. Bu yanaşmanın tətbiqi ilə bağlı qarşıya çıxan problemləri aşağıdakı kimi qruplaşdırmaq olar:
.....- heç də istedadlı uşaqların hamısı ilkin dövrlərdə hər hansı bir fəaliyyət sahəsinə xüsusi maraq göstərmirlər, onların maraq dairələri geniş olur;
.....- təlimin ilkin mərhələlərində ayrı–ayrı fənlərin dərinləşdirilmiş öyrənilməsi erkən və “məcburi” ixtisaslaşmaya səbəb ola bilir və ümumi inkişafa xələl gətirir;
.....- daima çətinləşməyə və həcmin genişlənməsinə yönəlmiş proqramlar gücə düşməyə, psixi və fiziki halsızlığa səbəb ola bilir. Zənginləşdirilmiş proqramlarla işləməklə belə halların qarşısını almaq olar.
..... Məzmunu zənginləşdirilmiş təlim yanaşması təhsilin keyfiyyətcə fərqli məzmununa istiqamətlənir. Burada ənənəvi mövzulardan kənaraçıxma, başqa mövzularla, problemlərlə, fənlərlə əlaqələndirməyə xüsusi yer verilir.
..... Təlim elə planlaşdırılır ki, uşaqların istedadlarına uyğun xoşladıqları fəaliyyətlə sərbəst, reqlamentləşdirilməmiş məşğul olmağa xeyli vaxtları qalır. Zənginləşdirilmiş proqram uşaqlara əqli fəaliyyətin müxtəlif metodlarının öyrədilməsini və təşəbbüskarlıq, özünənəzarət, tənqidçilik, geniş elmi dünyagörüşü kimi keyfiyyətlərin formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşmada təlimin fərdiləşdirilməsi və differensiallaşdırılması ümumiyyətlə innovativ təlim metodları uğurla tətbiq edilə bilər.
..... Problemləşdirilməyə əsaslanan təlim yanaşması şagird şəxsiyyətinin inkişafının stimullaşdırılmasını nəzərdə tutur. Bu halda təlim orijinal izahlardan istifadə edilməsini, olan məlumatların yenidən nəzərdən keçirilməsini, yeni mənaların, fərqli şərhlərin axtarılmasını nəzərdə tutur. Bu şagirdlərin öyrənilən məsələlərə fərdi yanaşmalarını və şüurlarının refleksiv planda formalaşmasını təmin edir. Belə proqramlar müstəqil şəkildə deyil, zənginləşdirilmiş proqramların komponentləri kimi reallaşdırılır.
..... Zənginləşdirmə və problemləşdirmə yanaşmaları mütəxəssislər arasında daha perspektiv hesab edilir. Onlar istedadlı uşaqların idraki və şəxsiyyətyönümlü tələbatlarının maksimum nəzərə alınmasına imkan verir. Istedadlı uşaqların hərtərəfli inkişafları üçün həm humanitar və texniki, həm də təbiət fənlərinin öyrənilməsi zəruridir.
..... Tərbiyə məqsədlərinin reallaşdırılması üçün bütün təlimin məzmununda məqsədyönümlülük, inadkarlıq, məsuliyyət, alturizm, xoşxasiyyətlilik, həssaslıq, pozitiv özünüqiymətləndirmə, özünəinam, baş verənlərə adekvat reaksiya verilməsi kimi keyfiyyətlərin tərbiyələndirilməsinə yönəlmiş amillərə xüsusi diqqət yetirilməlidir.
..... Təlim metodları, eləcə də təlim fəaliyyətinin təşkili üsulları biliklərin uğurla mənimsənilməsini, idraki qabiliyyətlərin və şəxsiyyət keyfiyyətlərinin inkişaf etdirilməsini şərtləndirən mühüm amillərdir. Istedadlı uşaqların təlimində isə əsas və aparıcı rolu yaradıcı xarakterli metodlar–problemləşdirmə, axtarış, fərdi və qruplarda iş metodları vəhdətdə götürüldükdə xüsusi effekt verir.
..... Təhsil strukturunda aparıcı yer tutan aşağıdakı pillələr istedadlı uşaqlarla iş üçün səmərəli hesab edilir:
.....- məktəbəqədər təhsil müəssisələri sistemi, əsasən uşaq bağçaları, uşaq inkişaf mərkəzləri və məktəbəqədər və kiçikyaşlı uşaqların təlimi ilə məşğul olan müəssisələr;
.....- istedadlı uşaqların təliminin fərdiləşdirilməsinə şərait yaradılan ümumtəhsil məktəbləri sistemi;
.....- istedadlı uşaqların daim dəyişən sosial–mədəni, təhsil tələbatlarını təmin etməyə, onların qabiliyyətlərinin aşkarlanmasını, dəstəklənməsini və inkişafını məktəbdənkənar fəaliyyət çərçivəsində təmin etməyə yönəlmiş əlavə təlim sistemi;
.....- ümumtəhsil sistemində istedadlı uşaqların fəaliyyəti prosesində onların imkanlarının dəstəklənməsinə və inkişaf etdirilməsinə yönəlmiş məktəblər sistemi (liseylər, gimnaziyalar, internatlar, yüksək kateqoriyalı qeyri-ənənəvi təhsil müəssisələri və s.)
..... Orta ümumtəhsil məktəblərində istedadlı uşaqlarla işin təşkili məsələsində təhsil prosesinin müxtəlif mərhələlərində şagirdlərin müxtəlif yanaşmalarla qruplaşdırılmasının geniş imkanları var. Bu yanaşmalar məktəblərin böyüklüyündən, geniş mənada imkanlarından, oradakı istedadlı uşaqların sayından və s. asılı olaraq müxtəlif formalardan istifadə oluna bilər.
..... Belə formalardan biri paralellərin differensiyasıdır. Məktəbdə müxtəlif istedadlı uşaqlar üçün paralellər daxilində bir neçə sinif nəzərdə tutulur. Məsələn, istedadlılar üçün fizika–riyaziyyat, kimya–biologiya, humanitar siniflər, adi uşaqlar üçün isə adi siniflər. Bu təlim forması müəyyən fəaliyyət sahəsinə dayanıqlı marağın artıq formalaşmış olduğu yaş həddində tətbiqi daha səmərəlidir. Burada da fərqli məzmun və metodlar konkret hallara uyğun tətbiq edilməlidir.
..... Başqa bir forma paralellərin qruplaşdırılmasıdır. Burada eyni yaşda olan məktəblilər hər bir fənn üzrə imkanları baxımından müxtəlif şəkildə qruplaşırlar. Bir şagird müəyyən bir fənn üzrə qabaqcıl qrupda, digər bir fənn üzrə isə adi sinifdə məşğul ola bilər. Bu zaman bütün paralellər üzrə eyni bir fənnin dərsləri eyni zamanda keçirilməlidir və hər bir fənn üçün şagirdlər yenidən qruplaşdırılmalıdırlar. Bu təlim formasının bütün səviyyədən olan uşaqlar üçün səmərəli olması onun əsas üstünlüyüdür. Uşaqların çoxsaylı müxtəlif qruplara qoşulmaları onların sosializasiyası prosesinə müsbət təsir göstərir.
..... Digər bir forma paralellərdən istedadlı uşaqlar qrupunun seçilməsidir. Bu halda hər paraleldən daha qabiliyyətli 4–8 uşaq seçilərək əlavə 15–20 şagird olan bir sinfə yerləşdirilir və istedadlı uşaqlarla digər uşaqların təlimi belə siniflərdə pararlel aparılır. Burada xüsusi hazırlığa malik olan müəllim tərəfindən istedadlı uşaqlara çətinləşdirilmiş və zənginləşdirilmiş proqram təklif edilir.
..... Belə təlim forması hər iki şagird qrupunun, xüsusilə də istedadlı uşaqların akademik uğurlarının yüksəlməsinə təsir göstərir.
..... Sözügedən formaya daha bir nümunə növbəli təlimdir. Bu təlim forması müxtəlif yaş qruplarına aid olan istedadlı uşaqların təlim prosesində dövri olaraq müəyyən müddətə qruplaşdırılmasını nəzərdə tutur. Bu istedadlı uşaqların öz yaşıdları və yaşca onlardan fərqlənən digər istedadlarla ünsiyyətdə olmalarına, eyni sahədə istedadlı olan uşaqlarlaözlərini müqayisə etməyə, özvəziyyətlərini qiymətləndirməyə və s. imkan verir. Ümumtəhsilin son mərhələlərində istedadlı uşaqların seçdikləri peşəyə uyğun universitet səviyyəsində məşğul olmaq imkanı yaradılmalıdır. Bu təlim forması akademik uğurlara, sosial vərdişlərə, özünüqiymətləndirməyə müsbət təsir göstərir.
..... Ayrı–ayrı şagirdlər qrupu üçün icbari proqramın ixtisarı hesabına zənginləşdirilmiş təlim formasında istedadlı uşaqlara adi dərslərin bir qismini onların maraq və tələbatlarına uyğun dərslərlə əvəz edirlər. Hesab edilir ki, istedadlı şagirdlərə orta məktəb kursunun bütün fənləri tədris edilməlidir. Odur ki, bu təlim forması tətbiq edilməmişdən əvvəl sınaqlar keçirilir və əgər şagird hər hansı bir digər fəndən yüksək nəticələr nümayiş etdirirsə, həmin fənnə ümumi proqramda nəzərdə tutulan saatlar onun marağına müvafiq dərslərə verilir.
..... Sinif daxilində şagirdlərin müəyyən amillərə əsasən kiçik homogen qruplara ayrılması formasının bir sıra üstünlükləri vardır. Bu forma bütün qruplar üçün əlverişli şərait yaratmaq imkanı verir. Təlim prosesinin qurulması üçün mürəkkəb idarəçilik və təşkilatçılıq dəyişiklikləri tələb etmədiyindən, onun icrası ciddi çətinliklərlə müşayiət edilmir. Bu forma əlavə müəllim və sinif otaqları da tələb etmir. Istedadlı uşaqlar kiçik kəndlərdə, qəsəbələrdə, iri şəhərlərdə ola bildiyindən, bu forma daha universaldır və kütləvi şəkildə tətbiq edilə bilər.
..... Xüsusi olaraq vurğulayım ki, təlim prosesinin müxtəlif formalarının tətbiqini əlaqələndirərkən əsas məqsəd uşaqların, o cümlədən istedadlı uşaqların maksimum inkişafının təmin edilməsi olmalıdır. Istedadlı uşaqların təlim prosesinin müxtəlif mərhələlərində qruplaşdırılmaları ilə bağlı təlim formaları yalnız təlimin məzmun və metodlarında müvafiq dəyişikliklə edildikdə səmərəli ola bilər. İstedadlı uşaqların əlavə təhsil sistemində təlimi onlara maraqlarına uyğun təhsil sahəsini, müvafiq proqramı, imanına uyğun mənimsəmə tempini və digər fəaliyyət formalarını seçmək imkanı verir. Əlavə təhsil davamlı proses olub, konkret başlama, bitmə, bir mərhələdən digərinə keçmə vaxtları yoxdur. O, fərdi maraq və imkanları nəzərə almaq üçün geniş imkanlar verir. Təlim prosesinin fərdi fəaliyyət xarakterli olması, istedadlı uşaqların aşkarlanması, dəstəklənməsi və inkişaf etdirilməsi kimi mühüm vəzifənin reallaşdırılmasına imkan verir.
..... Əlavə təhsil sistemində diqqət mərkəzində saxlanılmalı olan halları aşağıdakı kimi qruplaşdırmaq olar:
.....- istedadlı uşaqlarda müstəsnalıq hissinin formalaşdırılmasına yol verilməməlidir;
.....- müəssisənin və ya mütəxəssisin nüfuzu xətrinə şagird istedadı istismar edilməməlidir;
.....- kiminsə istedadlı uşaq vasitəsilə özünütəsdiqi hallarının qarşısı alınmalıdır.
..... Istedadlı uşaqlarla işləməyə yönəlmiş xüsusi məktəblər olduğu kimi, adi məktəblərdə də müvafiq siniflərin yaradılması məqsədəuyğun olardı. Ümumiyyətlə, istedadlı uşaqların ayrı təlim keçmələrinin müsbət və mənfi tərəfləri var.
..... Ümumi və ya xüsusi istedadlı uşaqlar üçün xüsusi sinif və ya məktəblərin yaradılması aşağıdakı hallarda məqsədəuyğun olur:
.....- istedadlı uşaqların təlimi üçün elmi cəhətdən əsaslandırılmış və təcrübədə müsbət nəticələr vermiş təlim proqramı olduqda;
.....- bu proqramla təlimə tələbatı olan istedadlı uşaqların müəyyənləşdirilməsi üçün müvafiq seçim sisteminin olması;
.....- istedadlı uşaqların müvafiq təlimini təmin etməyə qabil olan müəllim və psixoloqların olması;
.....- təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini və işində meydana çıxan arzuolunmaz amillərin izlənilməsini təmin edən əks-əlaqə sisteminin olması (məktəb fəaliyyətinin ekspertizası və şagirdlərin vəziyyətinin psixo – pedaqoji monitorinqi);
.....- uşaqların belə sinif və məktəblərə müxtəlif yaş mərhələlərində cəlb olunmasına, orada qalmanın könüllü olmasına və oranı problemsiz tərk etmək imkanının olmasına təminatın verilməsi;
.....- istedadlı uşaqların belə sinif və məktəblərdə təliminin pulsuz olması;
..... İstedadlı uşaqların təliminin harada təşkil olunmasından asılı olmayaraq, vacib olan onların nəyə və necə öyrədilməsidir.
..... Istedad fenomeninin növ, təzahür, inkişaf və s. müxtəlifliklərini nəzərə alaraq, istedadlı uşaqların təliminin təşkili üçün aşağıdakı məsələlər aydınlaşdırılmalıdır:
.....1) istedadın hansı növüdür (ümumi, xüsusi və ya konkret olaraq hansı);
.....2) istedad hansı formada təzahür edir: aşkar və gizli, başqa sözlə, potensial;
.....3) istedadlı uşaqlarla işdə hansı məsələlər prioritetdir: müəyyənləşdirilmiş qabiliyyətlərin inkişaf etdirilməsi; psixoloji dəstək və yardım; təhsil mühitinin layihələndirilməsi və ekspertizası; təhsil texnologiyalarının, proqramlarının hazırlanması və təhsil müəssisələrinin monitorinqi və s.
.....4) hansı təlim müəssisəsinin istifadə edilməsi daha məqsədəuyğundur: məhz istedadlı uşaqlarla işləməyə yönəlmiş gimnaziya, kütləvi ümumtəhsil məktəbi, əlavə təhsil müəssisəsi və s.
..... İstedadlı uşaqların xüsusi müəssisələrdə qruplaşdırılması uşaq istedadının dəyişkənliyi, elitarlıq atmosferi və ünsiyyət məsələləri baxımından problemlərlə müşaiyət oluna bilər. Istedadlı uşaqların adi siniflərdə və adi proqramlarla təlimi əvəzolunmaz itkilərə səbəb olur. Bu gerçəkliyə biganə qalmaq olmaz.



Firədun İbrahimov
Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqoji elmlər doktoru


Создан 03 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters