Rasim Ocaqov: "MƏN KİNODA SÖZÜMÜ DEMİŞƏM!"

EL jurnali



AZƏRBAYCANİN TANINMIŞ KİNOREJİSSORU RASİM OCAQOVLA MÜSAHİBƏ

Rasim Ocaqov: "MƏN KİNODA SÖZÜMÜ DEMİŞƏM!"

Həyatımdan razıyam. Bütün insanlar kimi. Hamı şükürlü olmalıdır. Amma məndə tamam başqa haldır. Mən hər cəhətdən bəxti gətirən adamam. Anadan olduğum məkan və zaman, kinoya gəldiyim dövr, çəkdiyim filmlər, qarşılaşdığım insanlar, ailə həyatı qurmağım, övladlarım. Bəxtli adam olmaq həyatımın fenomenal cəhətidir.
- Siz bizim hər birimiz kimi hardasa və nə vaxtsa anadan olmalıydınız. Və bu hadisə 1933-cü ildə Şəkidə baş verdi. Bəxtin buna nə aidiyyəti var?
- Çox aidiyyəti var. Olduqca maraqlı dövr idi. Əvvəla, ondan başlayım ki, atam əslən lənkəranlıdır. Seyid nəslindəndir. Universitetin tibb şöbəsini bitirəndən sonra Moskvada və Krımda bir neçə il təcrübə keçmişdi. Bilirsiniz, yəqin, Şəki əsrlərlə ipəkçilik təsərrüfatıyla bütün Şərqdə məşhur olub. Amma baramaçılıq olan yerdə, demə, vərəm xəstəliyi də inkişaf edir. Həmin illərdə xəstəliklə mübarizə aparmaqdan ötrü tədbirlər görməyə başladılar. Atamı 1925-ci ildə Şəkiyə göndərdilər. O, burda vərəm sanatoriyasının açılmasında təşəbbüskarlıq etdi. Sanatoriya çox məşhurlaşdı. Keçmiş SSRİ-nin bütün şəhərlərindən bura müaliyəyə gəlirdilər. Atam vəfat eləyəndən sonra, 1964-cü ildən etibarən, həmin sanatoriyaya onun adını verdilər. Atam ömrünün axırına qədər burda qalıb baş həkim işlədi. Anam şəkili qızıydı, o da həkim işləyirdi. Atam onunla burda tanış olub ailə qurdu. Məndən böyük bir bayım vardı. Ondan çox məni ərköyün böyüdürdülər. Məsələ bu danışdıqlarımda deyil. Siz soruşursunuz, 33-cü ildə Şəkidə anadan olmağın nəyi maraqlıdır? Şəkidə baş verən, o zaman düşmənçilik, dövlət əleyhinə təxribat adlandırılan həmin hadisələr yadınızdadır? Kitablarda onlar haqda çox yazılıb. Bəli, bu gün onları qürurla yada salırıq. Doğrudur, mən anadan olanda bu hadisələr artıq qurtarmışdı. Amma onların əks-sədası hələ də davam edirdi. Hələ də adamlarda gizli təşviş vardı. Deyilənə görə, Mircəfər Bağırovun rəhbərlik etdiyi böyük silahlı dəstə gəlib həmin hərəkatı yatırmışdı. Onların üzvlərinə dəhşətli divan tutmuşdular. Repressiya illərinin ölüm-itimi də bu gözəl şəhərdən yan keçməmişdi. Sonra müharibə başlandı. 1941-42-ci illərdə almanlar gəlib Mozdoka çatmışdılar. Bu, Şəkidən o qədər də uzaq deyil. Bizim tərəfdən yerli adamlardan ibarət partizan dəstələri yaradıb, təlimlər keçirdilər. O biri tərəfdən isə almanlar bizim adamlardan əsir götürür, onları öyrədir, öz xeyirlərinə təbliğat aparmağa məcbur edirdilər. Sonra da şəkili əsirləri Şəkiyə, gəncəliləri Gəncəyə, dağıstanlıları Dağıstana, nə bilim, sonra haralara göndərirdilər. Bir də eşidirdik, camaat arasında gəzib-dolaşıb söz yayanlar var. Nə bilim, Hitler bizimlə müharibə aparmır, onlar bizə xoşbəxtlik gətirəcək, biz gərək almanların tərəfinə keçək. Qərargahda bundan xəbər tutub, onları bir-bir izləməyə başladılar. Xeyli vaxt keçmişdi. Bir gün dərsdə idik. Məktəbə xəbər gəldi ki, dərsləri saxlayın. Şəhərə elan verilib ki, hamı - balacadan-böyüyə kimi, satqınların cəzalandırılmasına baxmalı,onların aqibətini öz gözləriylə görməlidir. 12-15 nəfər idilər. Onları yığmışdılar Zaqatala dəmir yolunun keçdiyi körpü tərəfə. Bütün şəhər yığışmışdı bura. Yaxında çay axırdı. Bu qədər millətin yığışdığı yerə elə sükut çökmüşdü ki, eşidilən yalnız çayın şırıltısıydı. Birdən əmr verildi. Atəş açıldı. Güllələnən adamların qohumlarının qara-qışqırığı, şaxsey-vaxseyi, ölənləri oxşamaları göylərə qalxdı, mərəkə qopdu burda. Bayaqdan dünyanın gəldi-gedərliyindən şirin nağıl danışan axar suların şırıltısı tamam itib-batdı, göz qabağında unudulub getdi. Bundan sonra nə qədər yaşayayağımı bir Allah bilir. Amma o səhnə heç zaman yadımdan çıxmaz.
- Siz o səhnəni kinoya gətirmək istəmisiniz?
- Yox.
- Yəqin, imkan olmayıb?
- Olub. Amma mənə görə, rejissor əgər əsl sənətkardırsa, həyatı, həyatdan təəssüratlarını bir neçə addım kinodan irəli buraxmalıdır. Mən o illərin hadisələrinin yalnız müəyyən qismini kinoya gətirmişəm. "Tütək səsi" filmində olduğu kimi biz də, arxa cəbhənin adamları, olanımızdan nə varsa aparıb ön cəbhəyə kömək üçün könüllü təhvil verirdik. Uşaqlar bu işdə yaman canfəşanlıq edirdilər. Çox ağır dövr idi. Ailələr başsız qalırdı, ata-analar oğullarını itirirdilər. Bu, müharibə idi. Biz bu müharibədə yaşamırdıq, biz inanır və döyüşürdük. Hər gün, hər gecə. Elə buna görə də hesab edirəm ki, çox möhtəşəm dövrdə yaşamışıq. Mənim yaşadığım yer mənimçün bütöv dünya idi. Bu dünyanın adamları müharibəni yaşamış, döyüşmüşdülər. Biz qalib gəldik. Elə buna görə də özümü xoşbəxt bilirəm. Mən 41-ci ildən rus dilində məktəbə getmişdim. O zaman bizə dərs deyən müəllimlər Leninqraddan (indiki Sankt-Peterburq şəhəri - red.) gəlmişdilər. Ona görə də heç kim deyə bilməz ki, əyalət təhsili almışam. Hələ musiqi məktəbini demirəm. Orda mənə skripka üzrə Leninqrad Konservatoriyasının professoru dərs deyib. Müharibə başlayanda onların ziyalılarını SSRİ-nin müxtəlif yerlərinə göndərmişdilər. Bizim yerlərin səfasını bildiklərindən, bura nüfuzlu, say-seçmə adamlar gəlmişdilər. Əyalət üçün həddən artıq akademik bir mühit yaranmışdı. Uşaqlıq xatirələrimlə bağlı öz fikirlərimi, pafoslu alınsa da, belə yekunlaşdırmaq istəyirəm. Əgər sənətkar Şəkidə anadan olubsa, deməli, bəxti gətirib. Xüsusilə də kinorejissor.
- Gəlin əvvəl kinooperator Rasim Ocaqovdan danışaq...
- Bundan da əvvəl mən geoloq olmaq istəyirdim. Bizim dağlarda gəlib neft axtarırdılar. Neft üzrə mütəxəssis olmaq o zaman çox şərəfli iş idi. Bunun üçün gərəkAzərbaycan Neft İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası - red.) daxil olaydım. Məktəbi bitirməyimi səbirsizliklə gözləyirdim. Həmişə xəyalımda özümü onların xüsusi formasını geyinmiş görürdüm. Evdəkilər də mənim bu arzuda olmağımı bəyənmişdilər. Necə deyərlər, biz bu xəyallardaykən, Şəkiyə Bakı kinostudiyasından çəkiliş qrupu gəldi. Bizim yerlər haqda sənədli film çəkirdilər. Dağlarda, şəhərdə, sanatoriyada, Xan sarayında çəkilişlər aparırdılar. Onlar nə qədər burda oldularsa, mən də onların yanında gəzirdim; imkan düşən kimi rejissordan, operatordan icazə alıb kameranın obyektivindən bizim yerləri seyr edirdim. Fikrimcə, insan iki dəfə doğulur. Birinyi doğuluşu real təvəllüdüylə bağlıdır. İkinci doğuluşu sənət seçdiyi anla. Mənim ikinci doğuluşum bizim yerlərə çəkiliş qrupunun gəlişiylə bağlı oldu. Demə, bu, uşaq marağından yeni kino xadimi dünyaya gəlirdi. Bununla da həyat yolum müəyyənləşdi. 9-cu sinifdə oxuyarkən həyatda kim olacağım barədə arzumu dəyişdim. Evdə eşidəndə bunu ciddi qəbul etmədilər. O zaman sənət haqqında tamam başqa təsəvvür varıydı. Məni valideynlərim başqa adam görmək istəyirdilər. Ona görə də qərarımdan ilk vaxtlar narazı qaldılar. Evdəkilərin narazılığı da məni məqsədimdən döndərə bilmədi.1951-ci ildə orta məktəbi bitirən kimi Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna yollandım.
- Yəqin, əvvəlcə Bakıya gəlib kinostudiyadan xeyir-dua alandan sonra?
- Xeyr. Heç kinostudiyanın yolunu tanımırdım. Özüm, təyinatsız, fərdi surətdə, ümumi qaydalar üzrə. Hansı xeyir-duadan, hansı təyinatdan danışmaq olardı? Mənim onda yalnız 17 yaşım vardı. Kim mənə təyinat verəcəkdi və nəcə görə mənə kinostudiyadan göndəriş verməliydilər? Əlbəttə, göndəriş olanda müsabiqədənkənar instituta daxil olursan. Amma göndərişsiz müsabiqə və imtahanların hamısından keçməli olursan. Mən də bu şərtlərlə Moskvaya imtahan verməyə getdim və instituta daxil oldum.
- Belə sadə və asan?
- Nə danışırsınız? Mənim ora gedib-çıxmağım, imtahan verməyim və yenə də bəxtimə minnətdar olaraq bu nəhəng təhsil ocağına daxil olmağım ayrı-ayrı macəralardır. "Şəkili Moskvaya gedir". Bu adla çoxseriyalı film çəkmək olar. Atam məni Şəkidən Bakıya gətirdi. Hər cür yol tədarükü görəndən sonra məni Bakı - Moskva qatarıyla yola saldı. O mənim üçün beynəlxalq vaqona, ikinəfərlik kupeyə bilet almışdı. 70 saatlıq, yəni üçgünlük yol idi. Bircə oğlu vardı, nigarandı deyə, məni rahat, bahalı kupedə yola salırdı. Çox gözəl vaqonuydu. Xalçalar döşənmişdi, kupedə stolun üstündə qəşəng fincanlar, qrafin varıydı. Müharibədənsonrakı dövrdən danışıram, hər yerdə, hər addımda oğrular olurdu. Vağzallar qaynaşırdı. Əsl cibgirlər meydanıydı. Yay olduğundan, kupenin pəncərəsini açıq qoymuşdum. Ya "Minvodı", ya da "Rostov" stansiyası idi, yadımda deyil, ikicə dəqiqəliyə siqaret çəkməyə çıxmışdım, dönüb görürəm, kupe elə səliqəylə oğurlanıb-təmizlənib ki, adamın lap matı quruyur. Hələ də anlaya bilmirəm, pəncərənin o dar gözlüyündən necə içəri girib, o böyüklükdə xalçanı ordan çıxarmaq olardı? Yaxşıdı, çemodanım qapı tərəfdə, görünməz olan yerdə qalmışdı. Nəsə, hər nə oğurlanmışdısa, gəlib hamısının pulunu bircə-bircə məndən çıxdılar. Moskvaya çatanda, demək olar, boş ciblə getdim VQİK-ə (Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu - red.) daxil olmağa. Ümidim təkçə Moskvada yaşayan əmimə idi. Onlara gedəndə qapını üzdən məni tanımayan xanımı açdı, dedi, əmim gedib ezamiyyətə. Bir neçə gün olmayacaq. İşlərin belə tərs gətirməsi mənim günümü acınacaqlı hala salmaqdaydı. Peşman qayıtdım vağzala, çemodanımı saxlama kamerasına təhvil verib, başladım veyllənə-veyllənə müsabiqə gününü gözləməyə. Gecələr vağzalda, ya da Mərkəzi Teleqrafın binasında qalırdım. Müsabiqə günü də mənimçün əməlli-başlı sərgüzəştə çevrildi. İmtahan komissiyası məndən soruşur, buyur, danış görək, fikrin nədir. Deyirəm, gəlmişəm kinooperator kurslarına daxil olmağa.
- Göstər görək, nəyi bacarırsan. - Komissiya üzvlərindən biri soyuq tərzdə mənə deyir.
Burda aktyor, rejissor kurslarına daxil olanlar şeir söyləyir, etüd, səhnəcik göstərirdilər. Bəs operator neyləməlidir? Odur ki, mən çaşqın dayanıb onlara baxırdım. Axırda yenə bayaqkı adam nə tələb olunduğunu mənə anlatmaq üçün bir az da səsini qaldırdı:
- Kinooperator kurslarına daxil olmaq istəyən fotoişlərini imtahana təhvil verməlidir, cavan oğlan.
Bilirsiniz, məni nə xilas elədi? Evdən, Şəkidən çıxanda uzaq yola gedirəm deyə, ailə fotoalbomumuzu da, darıxanda baxmaqdan ötrü, özümlə götürmüşdüm. Orda mənim çəkdiyim fotoşəkillər də vardı. O dəqiqə həmin albom yadıma düşdü. Utana-utana dedim:
- İşlərim vağzalda çemodanda qalıb. Olar, gedim gətirim?
Gülüşdülər. Humanistlik göstərib mənə icazə verdilər. Vağzalda albomdan özüm çəkdiyim fotoları seçib götürdüm. Hələ uşaq vaxtımdan atam mənə fotoaparat almışdı, şəkil çəkməyi xoşlayırdım. Mənzərəli yerləri, dağları, meşələri, çayı, şəlaləni çəkməzdim. Daha çox məhəlləmizi, qohumlarımızı, tində oturub çubuq çəkən qoya kişiləri, çörək növbəsini, paltar asılan zivələri, üzü qırış-qırış qarı nənələri, döngələri, daş-kəsəyi çəkərdim. Məişət şəkilləriydi. Profesional səviyyədən söhbət belə gedə bilməzdi. Ora daxil olmağa gələnlər illərlə hazırlaşırdılar. Fotoestetikanın bütün tələblərinə cavab verən iriformatlı, bahalı, uyğun kağızlara çıxarılmış işlər müsabiqəyə verilirdi. Məndə isə elə-belə, ailə fotoalbomu üçün şəkillər idi. Əlbəttə, məni imtahanlara buraxmadılar. Amma komissiya üzvləri işləri yığıb, mənə qaytarmaq istəyən məqamda, birdən… Yenə də bəxt. İçəri komissiyanın sədri Qolovnya daxil oldu. Onun kinoda çox böyük nüfuzu vardı. Mənə qaytarılan şəkilləri götürüb bir-bir baxmağa başladı. Sən demə, o, İtaliya neorealizminin fanatik pərəstişkarı idi. Viskonti, De Sika, Rosselini, Fellininin çəkdiyi neorealist filmlərdə məişət səhnələri xırdalığına qədər təsvir olunur. Doğrudur, mənim o zaman bu kino cərəyanından heç bilmərrə xəbərim yoxuydu. Amma üslub insanla birgə doğulur. Doğmalıq İlahidən gəlir. İndiyə qədər istər bizdə, istərsə xaricdə məni neorealist rejissor kimi qəbul edirlər. Qolovnya fotolara təkrar-təkrar baxdı və komissiyaya təklif etdi ki, məni imtahanlara buraxsınlar. İşlərim Qolovnyanın o qədər xoşuna gəlmişdi ki, ümumi imtahanları necə verdiyimə şəxsən özü nəzarət edirdi. Sözsüz, mənim fotolarım keyfiyyətinə görə deyil, məzmununa, sadəliyinə və həyat duyumuna görə məşhur operatorun xoşuna gəlmişdi. Onu da deyim ki, operatorluq fakültəsinə bir yerə 16 adam sənəd vermişdi. Sonda mənimlə bir təcrübəli adam həmin yerə namizəd qaldıq. Yenə də Qolovnyanın hesabına mən qəbul olundum.
Deyirlər, kədər kədər üstə, sevinc sevinc üstə gələr. Sonuncu imtahandan çıxıb gördüm, vestibüldə Moskvada yaşayan Cəmil əmim dayanıb məni gözləyir. Qəbul olunduğumu bilcək çox sevindi, məni qucaqlayıb bağrına basdı. Sonra mənim qara günlərimin şahidi olan çemodanımı da götürüb evlərinə apardı.

- Moskvada Kinematoqrafiya İnstitutuna daxil olmağınız evdə necə qarşılandı?
- Onlar inanmırdılar. Mən imtahanları verib evə, Şəkiyə qayıtdım. Sentyabrın 1-nə qədər öz uşaqlığımla, uşaqlığım keçən bu heyrətamiz yerlərlə vidalaşmazdan əvvəl doyunca gəzib-dolanmaq istəyirdim. Uşaqlıq eləmək istəyirdim, düzünü desəm.
- Ürəyinizin bir parçasını o dağlarda qoyub-getmirdiniz?
- O da vardı. Amma heç kim inanmırdı ki, mən o instituta daxil olmuşam. Elə bilirdilər, pərt olmamaqdan ötrü gəlib evdə yalan söyləmişəm. Xülasə, sentyabr gəlib çatdı, mən yenə Moskvaya yola düşdüm. İnstituta getdim. Orda nə görsəm yaxşıdır? Görürəm, atam başqa reyslə məndən qabaq ora gəlib, daxil olduğumu dəqiqləşdirib, harda qalacağımla maraqlanıb, ev kirayə götürüb, bütün şəraitlə yerli-yataqlı tanış olub. Mən gələnə qədər hər şeyi yerinə qoyandan sonra arxayınlaşıb.
- Bu Sizin qürurunuza toxunmadı?
- Heç nə eləyə bilməzdim. Atam belə adamıydı. Nədənsə tam arxayın olmadan heç bir işə qol qoymazdı. Eləcə də mənim Moskvada oxumağıma.
- Sizinlə orda azərbaycanlılar oxuyurdular?
- Kinooperatorluqda yox. Rejissorluqda mən daxil olan il Tofiq Tağızadə, Rəşid Atamalıbəyov, Əjdər İbrahimov sonuncu kursdaydılar, təhsillərini bitirirdilər. ŞamilMahmudbəyov mənimlə paralel oxuyurdu. Biz həmişə bir yerdə olardıq. Mən onlardan kiçik idim, 17 yaşımda gəlmişdim. Odur ki, qayğıma da xüsusi qalırdılar. Sizə deyim ki, ora çox böyük məktəb idi. Bəzən mənə indiki dövrlə əlaqədar sual verirlər: Azərbaycan kinosu əvvəlki gücünü yenidən qazana biləcəkmi? Belə getsə, yox. Təhsil lazımdır. Özü də burda deyil, xaricdə, kinematoqrafik ölkələrdə. Əvvəllər olduğu kimi, hər il VQİK-ə neçə-neçə tələbə göndərmək lazımdır. İndi imkanlar genişlənib, sərhədlər açılıb. Odur ki, gənclər Avropa ölkələrində, Amerikada təcrübə keçməlidirlər. Kino çəkməkdən ötrü pul ikincidərəcəli söhbətdir. İnandırım sizi, əgər indi artıqlamasıyla pul olsa belə, bizdə səviyyəli, dünya miqyasına çıxarılası filmlər yaranmayacaq. Amma böyük kinoyla bilavasitə təmasda olacaq gənclər özləriylə ideyalar gətirsə, pul da tapılacaq, səviyyə də olacaq, yaxşı rəqabət də. Daha hər klipçəkən səsinin var gücüylə özünü kinorejissor adlandırmayacaq. Kino təhsildən başlayır. Mənim sənət müəllimim məşhur operator, professor Kasatkin idi. O, Dovjenko, Kozinsevlə işləyib, Çiaureli ilə əfsanəvi "Berlinin süqutu" filmini çəkib. Mən onun kursunda sənətin sirlərini öyrənmişəm. Mən kinonun nə demək olduğunu orda anlamışam.
- Sonra da Sizi təyinatla Bakıya göndərdilər...
- Təyinatla bağlı maraqlı hadisə oldu. O zaman, 50-ci illərdə Sovet İttifaqında sonrakı dövrlərdəkinə nisbətən az film çəkilirdi. Ona görə də "Mosfilm"ə, "Lenfilm"ə hər buraxılışdan bir, ya iki tələbə qəbul olunurdu. Moskvalı tələbələrın özləri belə uzaqlara, Sverdlov kinostudiyasına, yaxud digər əyalət studiyalarına göndərilirdilər. Mən bizim kafedra müdiri Qolovnyanın istəkli tələbəsiydim. İnstitutu bitirəndə "Lenfilm"dən bir yer gəldi. Qolovnya mənim təyinatımı həmin yerə verdi. Hələ bir üzrxahlıq da elədi ki, yer olmadığı üçün səni Moskvada saxlaya bilmirəm. Təsəvvür edirsiniz? "Lenfilm" kimi kinostudiyada işləməyin nə qədər şərəfli olduğunu billə-bilə, hələ o məni Moskvada saxlamaq barədə düşünürdü. Elə həmin gün anamdan narahat bir məktub gəldi. Yazırdı, elə qorxuram, birdən səni Bakıya göndərməzlər. Çalış təyinatını Bakıya alasan. Valideynlərimin sözü mənim üçün qanunuydu. Qolovnyanın yanına gəlib xahiş etdim ki, təyinatımı Bakıya versin. Kişinin təəccübdən gözləri kəlləsinə çıxdı: "Sən nə danışırsan? Bakı və kino müxtəlif anlayışlardır. Mən səni ölkənin ikinci ən böyük kinostudiyasına göndərirəm. Ağlını başına yığ". Mən fikirli evə qayıtdım. Yenə dönə-dönə anamın məktubunu oxuyub, nə qərar qəbul etməyim barədə düşündüm. Nəhayət, üç gündən sonra bir daha Qolovnyanın qəbuluna gedib qəti olaraq Bakıya getmək fikrində olduğumu ona bildirdim. Qolovnya hirsindən beşmərtəbəli rus söyüşü söyə-söyə təyinatımı Bakıya yazdı. Sonra mən bildim ki, anam mənim Bakıda işləməyimi təkid etməkdə nəyi nəzərdə tutub. O özü də Bakıda Tibb İnstitutunu bitirmişdi. Onların heç birini Bakıda saxlamırdılar. Hamını Orta Asiya respublikalarına göndərirdilər. Orda kadr çatmırdı. Anam elə bilib, məni də Moskvadan Orta Asiyaya göndərəcəklər. Buna görə də Bakıya təyinat almağımı istəyib. Nəsə, bu da taleyin işidir. Mən "Lenfilm"ə yox, "Bakı" kinostudiyasında işləməyə gəldim.
- Qayıdaq yenə bəxt mövzusuna. Həmin dövrdən Azərbaycan kinosunda çalışmağınızın bəxtlə əlaqəsini nəylə izah edirsiniz?
- Təkcə Azərbaycan kinosunu nəzərdə tutmuram. Bütün dünyada kino inkişafdaydı. Fikrimcə, 1950-60- 70, bir az da 80-ci illər dünya kinosunun intibah dövrüdür. Sonra dövr kimi kino sənəti də dəyişdi. Hər halda, buna yüksəliş demək olmaz. Mən məhz 50-ci illərdə kinoya gəldiyimə görə özümü xoşbəxt sanıram. İtaliyada neorealizm, Fransada "yeni dalğa", Sovet İttifaqında intellektual kino, təxminən, dediyim illərdə baş verib. Biz, Azərbaycan kino işçiləri, çalışırdıq, geri qalmaq istəmirdik.
- O dövrdə Azərbaycan kinosu haqda o qədər də yaxşı rəy yox idi…
- Bununla belə, Azərbaycan kinosu var idi. Bu gün həmin kinoya nəzər yetirin. Rəylər səhv də ola bilər. Elə doğrudan da onlar səhv idi. Amma Azərbaycan kinosunun tarixi o zaman yaranırdı. Kinomuz üslub, janr rəngarəngliyi ilə fərqlənirdi. Axtarışlar var idi. Siz mənfi rəy haqda dediniz. Həmin dövrdə müsbət rəy qazanan kino məktəblərinə bu gün nəzər yetirəndə yeknəsəqliklə üzləşirik. Amma Azərbaycan kinosu barədə yeknəsəq demək olmaz. Baxın o dövrə, öyrənin ordan. Yaradıcı narahatlıq, axtarışlar, uğursuz eksperimentlərlə yanaşı, uğurlu başlanğıclar varıydı o dövrdə. Biz müsbətrəyli digər respublika kinematoqraflarından fərqli olaraq nəyisə başladıq, amma tamamlaya bilmədik. Yenidən ora qayıdıb, başladığımızı davam etdirmək lazımdır. Bunun üçün ideyalı gənclik, yüksəksəviyyəli təhsil olmalıdır. Tənqid eləmək asandır. Yaxşını görmək çətin. Çünki birincisi, fəaliyyətsiz sözçülükdür, ikincisi, fəal yaradıcılıq. Mən gəncləri ikinci yola dəvət edirəm.
- İkinci yola Siz özünüz 1956-cı ildə qədəm qoydunuz...
- Bəli, "Uzaq sahillərdə" filmində ikinci operator kimi fəaliyyətə başladım. Filmdə əsas operator Əlisəttar Atakişiyev idi. Yenə "bəxt" sözünü yada salmaq istəyirəm. Çox uğurlu filmlə işə başladım. Amma sona yetirə bilmədim. Filmin Yaltada çəkilişləri gedəndə, Bakıdan teleqram gəldi ki, Rasim Oyaqov təyili Bakıya qayıtmalıdır. Mən yeni filmin baş operatoru təyin edilmişdim. Film "Onun böyük ürəyi" adlanırdı. Quruluşçu rejissor Əjdər İbrahimov idi. Sonra eşitdim ki, məndən söz düşəndə, Əjdəri dilə tutub fikrindən daşındırmaq istəyiblər: "O hələ cavandır, filmə quruluşçu operator təcrübəli adam götürsən, daha yaxşı olar". Əjdər məni Moskvadan tanıyırdı. Bacarığıma, yaradıcı görüşlərimə yaxşı bələdiydi. Buna görə də məni seçməyində israr göstərib fikrindən dönmədi. Elə mənim həyatım üçün də "Onun böyük ürəyi" filmi əlamətdar oldu. Filmdə uzun müddət Rəna roluna aktrisa tapa bilmirdik. Sonra bu rola Azərbaycan Pedaqoji İnstitutundan bir tələbə qızı dəvət etdik. Çəkilişlərdə mən onu, o da məni bəyəndi. Filmin premyerasına qədər artıq biz ailə qurmuşduq. İndiyə qədər bir yerdəyik. Övladlarımızı böyütmüşük. Bu da taledir. Bizim böyük ürəyimizin taleyi. Bəxtimizdən şikayət etmirik.
- Operatorluqdan rejissorluğa keçid necə baş verdi?
- Əslində, heç bir keçid olmadı. Mən operator kimi çox işləmədim. Yalnız 14 filmdə operator olmuşam.
- Məgər bu azdır?
- Mənim kino bioqrafiyam üçün azdır. Bu filmlərin üzərinə mənim rejissor kimi çəkdiyim filmləri gəlin. Tərəzinin gözündə rejissor filmlərimin çəkisi ağır gələcək. Mən elə əvvəl vaxtlardan rejissor olmaq fikrinə düşmüşdüm. Baxmayaraq ki maraqlı rejissorlarla birgə çalışırdım. Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Əjdər İbrahimov, Eldar Quliyev, Həsən Seyidbəyli. Həsən mənim rejissor istəyimdən xəbərdar idi. Odur ki, "Sən niyə susursan?" və "Cazibə qüvvəsi" filmlərində məni özünə həm operator, həm də ikinci rejissor götürmüşdü. Əvvəlcədən mənim aktyorlarla işləməyə, səhnələr, kompozisiyalar qurmağa çox böyük həvəsim vardı. Kinostudiyanın rəhbərliyinə bir neçə ssenari təqdim etmişdim. Amma rəhbərlik nədənsə mənim bu istəyimə laqeyd yanaşırdı. Mənə deyirdilər ki, sən operatorluğu bitirmisən, səndə yaxşı alınır, ona görə də yeni sənət istəyini beynindən at. Bu maneələri dəf etməkdən ötrü mən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) dram rejissorluğu şöbəsinə daxil oldum. Məhərrəm Haşımovun rəhbərlik etdiyi kurs idi.
- Buranı bitirən kimi Sizə rejissor kimi film verdilər?
- Yox, institutu bitirməmiş belə bir hadisə baş verdi. Kinostudiyada "Qatır Məmməd" adlı film çəkilirdi. Rejissoru Hüseyn Seyidzadə idi. Filmin artıq 70 faizi çəkilmişdi. Baxışda çəkilən materiallar bəyənilmədi. Zəif alınmışdı. Çoxlu pul xərclənmişdi. Filmi yenidən çəkməkdən ötrü az vəsait və az vaxt qalmışdı. Kinostudiyada o zaman ildə 8 film çəkilirdi. 4 bədii film və 4 bədii televiziya filmi. Bu sıradan bir vahidi itirmiş olurduq. Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. Yalnız40 çəkiliş günü ixtiyarımızda var idi. Bu müddətdə hər şey dəyişməli və yeni film çəkilməliydi. Hansı rejissora bu iş təklif olunurdusa, imtina edirdi. Mən bunu özümçün şans bilib risqə getməliydim. Amma yox, mən də filmi çəkməkdən imtina etdim. Məni dostum Rüstəm İbrahimbəyov yoldan çıxartdı. O zaman biz artıq dost idik. Mən onun ssenarisi əsasında "Bir Cənub şəhərində" filmində operator kimi işləmişdim. Rüstəm mənə dedi ki, sən onsuz da film çəkməyə başlamalısan. Xoşuna gəlir, gəlmir, dəxli yoxdur, quruluşçu rejissor olmaq xatirinə götür, bu filmi çək. Onun sözləri ağlıma batdı, filmi yenidən çəkməyə razılıq verdim. Gecələr yatmayıb, ssenari üzərində işləyirdim, səhərlər çəkilişə gedirdim. Ən əvvəl Qatır Məmməd rolunda üzü zərifcizgili, ziyalı görünüşlü Əlabbas Qədirovu sərt xarakterli Şahmar Ələkbərovla əvəz etdim. Ssenariyə görə, Qatır Məmməd üzdən daha kobud və mübariz idi. Yusif Səmədoğlu mənə çox kömək elədi. Ssenarini, bütün aktyor tərkibini, dekorasiyaları, hər şeyi, hər şeyi dəyişməli oldum.
- Mən eşitmişəm, bu filmin birinci variantında milli ruh çox güclü olduğundan, Moskvanın xoşuna gəlməyib.
- Elə deyildi, sadəcə, film çox zəif alınmışdı.
- Hüseyn Seyidzadəni biz çox güclü filmlərin rejissoru kimi tanıyırıq.
- Ola bilər. Hərənin öz fikri var. Mənim üçün güclü rejissor Şamil Mahmudbəyov, Əjdər İbrahimov, Tofiq Tağızadədir.
- Sizcə, "Qatır Məmməd" filminin Siz çəkdiyiniz variantı uğurlu alınıb?
- Bu variant uğurlu film kimi qəbul olundu. Bundan dərhal sonra mənə ikinci işimi - "Tütək səsi" filmini çəkməyə imkan verdilər. Əslində, "Tütək səsi"ni mənim birinci filmim adlandırmaq olar. Bu filmin nə qədər bioqrafik olması barədə söhbətimin əvvəlində danışdım. Hadisələr müharibə illərində Azərbaycan kəndlərinin birində cərəyan edir. Qəhrəmanlar, əsasən, uşaqlar, daha doğrusu, yeniyetmələrdir. Mən də həmin dövrü onlar kimi yaşamışam. Öz həyatımdan sitatlar burda çoxdur. Bu doğma film mənim diplom işim oldu.
- Yəqin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tarixində tammetrajlı bədii film olan yeganə diplom işidir?
-Yəqin. Özü də bu diplom işi Ümumittifaq festivallarda bir neçə yüksək mükafata layiq görüldü. Bu filmdən əvvəl mən başqa filmi çəkməliydim. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında "Ad günü" filmini.
- Artıq o zaman Sizinlə İbrahimbəyov arasında əməkdaşlıq başlanmışdı?
- İbrahimbəyovla əməkdaşlığım artıq 1969-cu ildə "Bir Cənub şəhərində" filmindən başlamışdı. Bu filmdə mənim operator kimi işim yüksək qiymətləndirilmiş, festivalda mükafat almışdı. O vaxtdan biz dostluq edirdik. Bir-birimizə köməklik göstərirdik. "Qatır Məmməd"də, "Tütək səsi"ndə o mənə aktyor seçimində xeyli kömək etdi. O ki qaldı yaradıcılıq yolumda Rüstəmlə görüşməyimə, bunu da bəxt kateqoriyasına aid edirəm. Bu görüşün özü də, bəxtlə əlaqədar olan hər bir şey kimi, təsadüfi oldu. Mən uzun müddət Emin Sabitoğlu ilə qardaşlıq eləmişəm. Bir gün, o zaman musiqi redaktoru işləyən Emin Sabitoğlu kinostudiyanın çayxanasında mənə dedi ki, yeni bir ssenari gəlib, müəllifi Maqsudun qardaşıdır, oxumamısansa, məsləhət görürəm. Nəsə qeyri-adi bir şeydir. Səhəri gün Emin "Bir Cənub şəhərində" adlı ssenarini gətirib mənə verdi. Oxudum. Əsər məni özünün sərt realizmi, cəsarətli müəllif mövqeyi ilə təsirləndirdi. Bu ssenarini yeniruhlu, yeni estetik baxışlara malik rejissor çəkməliydi. Elə həmin il mənim həyatda və sənətdə kumirim olan Tofiq Quliyevin oğlu Eldar Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gəlmişdi. Məsləhət görüldü ki, bu ssenari əsasında filmi gənc rejissor Eldar Quliyev çəksin. Mən filmin operatoru idim. Zənnimcə, bunu Eldar da təsdiq edə bilər, o filmdə operator işi, həqiqətən də, uğurlu alınıb. Bakının o köhnə məhəllələrini çəkəndə mənim təklifim və təkidimlə divarlar, evlər başdan-başa ağardılmışdı. Bu ağ divarların, ağ evlərin qarşısında səhərdən-gecəyədək qarageyimli adamlar dayanıb, qanlı oyunların baş verəcəyini gözləyirlər. Filmin ətrafında yaranan ajiotaj barədə danışmayacağam. Bu haqda çox deyilib. Sözüm ondadır ki, o vaxtdan bizim kinonun fəxri olan Rüstəm İbrahimbəyovla tanışlığım və əməkdaşlığım başlayıb. O mənim üçün "Ad günü" adlı ssenari yazdı. Bayaq dedim ki, o illərdə hər vasitəylə mənə rejissor kimi işləməyə mane olurdular. Mən "Ad günü"nü yalnız "Tütək səsi"ndən sonra çəkə bildim.
- Bu iki film bir-birindən rejissor üslubuna görə kəskin şəkildə fərqlənir...
[color=#663300]- Rüstəm İbrahimbəyovun mənim yaradıcılığıma təsirini heç cür dana bilmərəm. Amma indi Siz mənim bir sualıma cavab verin. İbrahimbəyovun başqa rejissorlarla işləri mənim işlərimdən fərqlənir, ya yox?

- Əlbəttə, fərqlənir.
- Deməli, söhbət qarşılıqlı təsirdən gedir. Rüstəm həmişə mənim rejissor üslubumu nəzərə alaraq ssenari yazıb. "Ad günü"nün ssenari variantında qəhrəman ümumi mənada azərbaycanlıdır. Moskvaya gedib Mərkəzi Poçtda bir qadınla görüşür. Rejissor ssenarisini işləyəndə mən Rüstəmə dedim, nəyimizə lazımdır Moskva? Qoy qəhrəman Mustafa adlı bir şəkili olsun, Bakıya gəlib şəhərli qadınla görüşsün. Heç ağlıma gəlməzdi, bu da başıma bir əngəl olacaq. Film Ümumittifaq Mərkəzi Televiziyası ilə nümayiş etdiriləndən sonra, şəkililər o ki var, dalımca söydülər. "Bu nədi, bizi biabır eləyib. Atası Şəkidə adla olan bir kişinin oğlu, Şəkinin çörəyini yeyib-böyümüş bu adam, bütün İttifaqa şəkilini səfeh kimi təqdim eləyib. Yəni şəkili bu qədər əfəl oldu ki, gözəl bir xanımın dəvətiylə gecə onun evinə getsin, sonra da heç bir şey eləmədən yağışın altında yetim kimi bayıra atılsın?!". Bu sözləri evdən də, tanış olanlardan da, tanış olmayanlardan da eşidirdim. Açığını deyim, qaçırdım bu söz-söhbətlərdən, bezmişdim. Elə o filmdən sonra tövbə elədim Şəki mövzusuna bir daha qayıtmağa. Yalnız iyirmi ildən sonra "Həm ziyarət, həm ticarət" filmində yenidən şəkili Mustafanı ekrana qaytardım. Yenə əfəl sifətində. Yadınızdadır da, onu İstanbulda uşaq kimi aldadıb soyurlar. Film ekranlara çıxandan sonra gözlədim, yenə həmyerlilərim məni danlayıb-qınayayaqlar. Amma belə olmadı. Ya bu illər ərzində mən dəyişmişdim, ya da bizim yerlərin camaatı. "Ad günü"nün başqa sərgüzəştləri Moskvada oldu. Onu qəbul edəndə, təxminən, iyirmi düzəliş verdilər. Rüstəm həyatı bilən və çox praqmatik adamdır. Onun təkidiylə mən də bu düzəlişləri etməyə razı oldum, təki əsas dramaturji özək dəyişməsin və film ekranlara çıxsın. Məsələn, o zaman ölkədə ət-yağ qıtlığı vardı. Filmin qəhrəmanı bazara girəndə piştaxtada parça-parça ətlər asılmışdı. Dedilər, onu çıxarın, camaatı cırnatmaq lazım deyil. Nə olar, çıxartdıq. Beləcə, iyirmiyə yaxın xırda çıxarış etdik.
- Sizin ən problemli filminiz hansı olub?
- "İstintaq". Bu filmin ssenarisindən tutmuş, onu Moskvada təhvil verənə qədər başımız ağrıdı. Bütün mərhələlərdə bizə bir nəfər şəxs kömək elədi - Heydər Əliyev. Burda filmə baxış keçirəndə Heydər Əliyev və hökumət adamları iştirak edirdilər. Baxış qurtarandan sonra müzakirə başlandı. Əliyev sözünü axırda deməliydi. Bu, məmurları çox çətin vəziyyətə saldı. Bilmirdilər, respublikanın rəhbəri filmi bəyənib, ya yox. Odur ki, danışanlar gah nala vururdular, gah mıxa. Bəziləri durub əməlli tənqidə keçdilər: "Bu nədi? Siz bizim cəmiyyətimizi qapqara rəngə boyamısınız. Müstəntiqin 3 manat pulu yoxdu ki, uşaq ayaqqabısını təmirə vermək əvəzinə, gedib təzəsini alsın? ". Bu növ çox tənqidi söz deyildi. Guya bizim ovaxtkı cəmiyyətimizdə korrupsiya yoxuydu. Sonda Heydər Əliyev danışdı və filmin olduqca uğurlu və cəmiyyətimiz üçün faydalı olduğunu söylədi. Sonra Moskvada filmi çox çətinliklə qəbul etdilər. Əsərdə qəhrəman özünü asır. Filmdə isə bizi məcbur etdilər ki, bunu yalnız intihara cəhd kimi göstərək. "İstintaq" Düşənbədə keçirilən Ümumittifaq festivalda baş mükafata layiq görüldü. Ukrayna və Özbəkistan respublikalarında filmin nümayişi qadağan edildi. Həhayət, bu filmin yaradıcı heyətinə SSRİ Dövlət Mükafatı verildi. Mən bu müddətdə Heydər Əliyevin gücünün və iradəsinin şahidi oldum.
- Bu gün film öz aktuallığını qoruyub-saxlayıb?
- İndiki korrupsiyanın qarşısında bizim "İstintaq"da danışdığımız əhvalat uşaq nağılıdır. Bir də indi estetik tələblər tamam başqadır. İndiki qəhrəmanı güclü göstərməkdən ötrü əks-tərəfi, yəni cinayətkarları, az qala, yunan mifologiyasındakı tanrılar səviyyəsinə qaldırırlar. İndi filmlərdə daha güclü dramatizm xatirinə sənət adamları həyata özləri korrupsiya sifariş edirlər.
- Amma "İstintaq" filmində qəhrəman, müstəntiq Seyfi, sonda məğlub olur?
- Bəli. Bu problemlə mübarizə aparmaq bir adamın işi deyildi. Mən realistəm. Ona görə də olanı göstərmişdim.
- Digər filmlərinizdə də qəhrəmanlar məğlub olur və olduqya uğursuz adam təsiri bağışlayırlar?
- Elədir, çünki onlar xasiyyətyə qabiliyyətli və düzgünlük tərəfdarıdırlar. Belə adamları həyat həmişə dəhşətli sınağa çəkir. Onlar uğur qazana bilmirlər.
- Sizdən fərqli olaraq...
- Mənim bəxtim var, ona görə də hər cür uğursuzluqdan özümü qaçıra bilirəm. Daha doğrusu, bəxt məni xilas edir. 1967-ci ildə "Mən ki gözəl deyildim" filmini birinci yaradıcı heyətlə Lənkəranda çəkəndə faciəli hadisə baş verdi. Orda müharibə vaxtı bizim əsgərlər qayıqla üzür və ətrafda partlayışlar baş verməliydi. Dörd partlayıycı qurğu birləşdirilmişdi. Biz suda tankerdən bu səhnəni çəkirdik. Pirotexnik partlayıcı qurğunun üçünü düz birləşdirmişdi, birini isə səhvən bizim çəkiliş apardığımız tankerə qoşmuşdu. Çəkiliş gedən zaman mənim göstərişimlə onlar partlamalı idi. Dördüncü göstərişi verəndə bu hadisə baş verdi. Yeddi nəfər idik. Dördü həlak oldu, üçü, onların arasında mən də sağ qaldıq. Gənc rejissor Ramiz Əsgərov həlak oldu. Filmi ikinci dəfə Tofiq Tağızadə çəkdi. Bu dəfə mən operatorluqdan imtina etdim.
- Artıq bəxtinizə inanmırdız?
- Yox, bəxt söhbəti deyil. Sadəcə, mənə elə gəlirdi, yenidən bu filmdə işləsəm, o həlak olan dostlarımın xatirəsinə xilaf çıxacağam. Hərdən iradəmi yığıb özümü nədənsə saxlaya bilirəm. Hal-hazırda yenə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında yeni filmə başlamaq lazımdır. Amma həkimlər ürəyimə görə ağır işə girişməyi məsləhət görmürlər. Hələ gözləyirəm. Görək özümü necə hiss edəcəyəm.
- Siz çox siqaret çəkirsiz. Buna görə evdə Sizi danlamırlar?
- Xeyri yoxdur. Siqaret sarıdan özümə gücüm çatmayacaq. "Təhminə" filminin çəkilişində əsəbi bir vəziyyət alınmışdı. Bir-birinin ardınca siqaret çəkir, narahat olur, yerimdə var-gəl edirdim. Birdən gözümdə hər şey qaraldı. Məni birinci infarkt vurmuşdu. Handan-hana gözümü açanda gördüm, tərtəmiz, ağappaq, soyuqçalarlı bir interyerdəyəm. Bura reanimasiya idi. Həkim gəlib dayandı başımın üstündə. Rahatlığımı pozmasın deyə, sakit səslə soruşdu:
- Sizi nəsə narahat edir? Nə lazımdır, deyin.
- Doktor, qohumlarımdan burda kim var?
- Hamısı burdadır, Rasim müəllim.
- Mənim kürəkənim də burada olmalıdır. Ondan bir siqaret alın, çəkmək istəyirəm.
Həkim susub dayandı. Bu susmaq xeyli çəkdi. Görünür, təəccübündən, heyrətindən heç nə deyə bilmirdi. Nəhayət, yenə sakit səslə dilləndi:
- Rasim müəllim, heç bilirsiniz haradasınız? Bura reanimasiyadır.
- Bilirəm. Çəkməsəm, öləcəyəm. Günahı öz üstünüzə götürməyin, doktor. Kürəkənimə deyin, mənə bir siqaret göndərsin.
Həkim gördü, məni heç cür dilə tuta bilməyəcək. Məcbur olub siqaret gətirdi. Sonra da mənim çarpayıda uzanıb siqaret çəkməyimə baxa-baxa heyrətini bölüşdü:
- Mən 24 ildir kordioloq işləyirəm, belə şeyi birinci dəfədir görürəm.
Dəfələrlə tərgitmək istəmişəm. Alınmayıb. Görünür, bəxtli adamın belə şeylərdə iradəsi o qədər də güclü olmur.

- Filmlərinizə çox zaman məşhur aktyorları, ekran ulduzlarını dəvət etmisiniz. Bəs özünüz necə, kinoda ulduz yetişdirmisiniz?
- Fəxrəddin Manafov mənim "Park" filmimə qədər heç yerdə çəkilməmişdi. Tanınmırdı. Təsadüfən, onu kinostudiyanın həyətində gördüm, hansısa filmə sınaq çəkilişə gəlmişdi. Mən onu "Park"ın sınağına dəfət etdim. Sınaqdan uğurla çıxdı, rola təsdiq olundu. "Park"dan sonra daha altı filmimdə çəkilib. Mən seçimimdə yanılmadım. Onu sonra keçmiş İttifaqın müxtəlif kinostudiyalarında filmlərə çəkdilər. İndinin özündə də çəkilir. Fərhadla, biz onu belə çağırırıq, işləmək mənə həm rahatdır, həm də maraqlı. Əvvəla, ona görə ki, filmlərimin qəhrəmanları maraqlı insanlardır. Bayaq Siz dediyiniz kimi, uğursuz da olsalar, mənən sınmırlar, dəyişməz qalırlar. Əlbəttə, məndən onların yeganə fərqi bəxtlə, uğurla bağlıdır. Amma bu, yeganə fərqdir. Onları filmin əvvəlində tamaşaçı neyə görürsə, axıra qədər elə qalırlar. Onlar faciəni yaşayırlar. Amma sınmırlar. Qəhrəman kimi bizim yadımızda qalırlar. Bu gün qəhrəmana bizim kinomuzda, teatrımızda, ədəbiyyatımızda, ümumiyyətlə, cəmiyyətimizdə böyük ehtiyac var. Onlar ölümdən, qüvvələr nisbətinin fərqli olmasından qorxmamalıdırlar. Öz daxili keyfiyyətlərinə sadiq qalmalıdırlar. Amma bu, sifarişli qəhrəman olmamalıdır. Real həyatdan gəlməlidir. Mən bir daha təkrar edirəm ki, kinoda idealım İtaliya neorealizmi olub. 1950-ci illərdən bu günə qədər. Mən sərt realizmin tərəfdarıyam. Düz demək lazımdır. Qəhrəmanı yalandan şişirtmək yox. O, qəhrəmandırsa, deməli, onu sarsıntı gözləyir. O, qəhrəmandırsa, onu sarsıdan səbəblərin də üzünə, gözünə dik baxmalıdır. Fərhad mənim ideyama, dünyagörüşümə şərik aktyordur. O, fikri tez tutur, tez yerinə yetirir. Mən onu qəhrəman görə bilirəm. Bəs Hacı İsmayılov? "Ad günü"nə qədər məgər o, kinoda çəkilmişdi? İndi mənə elə gəlir ki, bizim kinoulduzlarımızın siyahısında Hacının da adı mütləq çəkilməlidir. Onun yaratdığı Mustafa nəinki bizdə, ümumiyyətlə, kinoda qeyri-adi qəhrəmandır. İlk baxışda zəif insandır, bəli, əfəldir. Amma həllediyi məqamlarda onda daxili qüvvəyə bir fikir verin. Kino çox mürəkkəb sahədir. Kino əsəri olduqca incə tellərlə bir-biriylə əlaqəyə girən müxtəlif komponentlər bütövlüyüdür. Onlardan biri qırılarsa, film uğursuz alınacaq. Odur ki, mən görüb-maraqlandığım adamı öz filmimə dəvət edirəm. Bir də yenə bəxt (gülür).

EL jurnali


Создан 11 дек 2008



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником

Welcome to Sheki!

free counters