2008-Cİ İL ŞƏKİNİN TARİXİNDƏ ƏN UĞURLU İ




2008-Cİ İL ŞƏKİNİN TARİXİNDƏ ƏN UĞURLU İLLƏRDƏN BİRİ KİMİ YADDA QALACAQDIR

Şəki Şəhər İcra Hakimiyyətində 2008-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Şəhər rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısındakı abidəsi önünə gül-çiçək düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Tədbir iştirakçıları şəhər icra hakimiyyətinin foyesində rayonun sənaye müəssisələrində istehsal olunmuş məhsullardan və el sənətkarlarının əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Hesabat yığıncağının əvvəlində 2008-ci ildə Şəkinin sosial-iqtisadi və mədəni həyatında baş vermiş yeniliklərdən bəhs edən film göstərilmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun hesabat məruzəsi dinlənilmişdir. İqtisadiyyatın dinamik inkişafı, insanların sosial rifahının yüksəldilməsi baxımından 2008-ci ilin Azərbaycanın tarixində ən uğurlu illərdən biri kimi yadda qalacağını bildirən məruzəçi, qazanılan uğurlarda Şəki rayonunun da özünəməxsus yeri və rolu olduğunu xüsusi vurğulamışdır. Məruzəçi bildirmişdir ki, 2008-ci il şəkililər üçün həm də əlamətdar hadisələrlə yaddaqalan olmuşdur. Ötən ilin ən mühüm ictimai-siyasi hadisələri şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin rayonda böyük təntənə ilə qeyd olunması, Prezident İlham Əliyevin sentyabrda Şəkiyə növbəti səfəri, oktyabrın 15-də keçirilən prezident seçkiləri olmuşdur. Şəki seçiciləri yüksək fəallıq nümayiş etdirərək ölkəmizin sabit inkişafına, tərəqqiyə, sevdiyi və inandığı insana - İlham Əliyevə səs vermişlər. Qeyd olunmuşdur ki, 2008-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin ümumi məbləği 205 milyon 636 min manat olmuşdur. Bu göstərici 2007-ci ilə nisbətən 38,2 faiz, 2003-cü illə müqayisədə isə 3,8 dəfə çoxdur. 2008-ci ildə rayonda adambaşına düşən məhsul istehsalının həcmi əvvəlki ilə nisbətən 37,3 faiz, əsas kapitala qoyulan investisiyalar 90,6 faiz, tikinti-quraşdırma işlərinin həcmi 42 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 41 faiz artmışdır. İl ərzində rayonda 245 fərdi yaşayış evi, 51 müxtəlif təyinatlı obyekt, o cümlədən 4 məktəb binası tikilib istifadəyə verilmişdir. Rayonun ən iri istehsal müəssisəsi olan “Şəki-İpək” ASC-də yeni istehsal sahəsi - pambıq sap əyirmə sexi işə salınmışdır. İllik istehsal gücü 1700 ton sap olan bu sexdə 120 nəfər daimi işlə təmin olunmuşdur. Bundan əlavə, müəssisənin baramaaçan istehsalatında yenidənqurma işləri başa çatdırılmış, burada Çin Xalq Respublikasından gətirilən yüksək standartlara uyğun, məhsuldar dəzgahlar quraşdırılmışdır. Rayonda poliuretan sendviç panelləri istehsal edən yeni müəssisə də fəaliyyətə başlamışdır. Məruzədə Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında Şəkiyə səfərinə xüsusi yer ayıran N.İbrahimov dövlət başçısının Mərkəzi Rayon Xəstəxanasının 100 çarpayılıq yeni korpusunun təməlqoyma mərasimində və “Aqro-İndastrit” MMC-nin süd emalı zavodunun açılışında iştirak etdiyini bir daha xatırlatmışdır. Qeyd olunmuşdur ki, ümumi dəyəri 7,28 milyon avro olan bu kompleksdə damazlıq və südçülük sahələri, pendir zavodu, habelə mal-qara üçün yem istehsalı sexi vardır. Müəssisəyə Hollandiyadan yüksək məhsuldarlığı ilə seçilən 660 baş cins inək gətirilmişdir. Açılış mərasimində Prezident İlham Əliyev Cənubi Qafqazda ən iri heyvandarlıq müəssisəsi olan bu kompleksdə görülən işləri çox yüksək qiymətləndirmiş, bölgələrdə belə müəssisələrin yaradılmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir. N.İbrahimov demişdir ki, yeni yaradılan bu müəssisələr əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynamışdır. Həyata keçirilən tədbirlər nəticəsində 2008-ci ildə rayonda 679 daimi, habelə 5892 müvəqqəti və mövsümi xarakterli yeni iş yeri açılmışdır. Ümumiyyətlə isə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, son beş ildə rayonda 5538-i daimi olmaqla, 26 mindən çox yeni iş yeri açılmışdır. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, Vergilər Nazirliyinin xidmət terminalının, yerli televiziyanın yeni inzibati binaları tikilib istifadəyə verilmiş, Şin çayı üzərində ümumi uzunluğu 1350 metr olan körpünün, Baş Göynük və Kiçik Dəhnə kəndlərində 640, Dərəcənnət kəndində 240 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilmiş, 3500 yerlik şəhər stadionunun yenidən qurulması, Heydər Əliyev adına parkın genişləndirilməsi işləri başa çatdırılmışdır. İl ərzində rayonun Göybulaq, Cəfərabad, Qırxbulaq, Köbər Zəyzid və Öryət kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur.
Əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4289 ailəyə ünvanlı dövlət sosial yardımı, 3767 nəfərə isə sosial müavinət təyin edilmişdir. Hesabat ilində Şəki şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış evi istifadəyə verilmiş, 8 nəfər müharibə əlilinə “Oka” markalı minik avtomobili hədiyyə edilmişdir. Taxılçılığın rayonun kənd təsərrüfatında aparıcı yer tutduğunu bildirən məruzəçi, bu sahənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində 2008-ci ildə Şəkinin tarixində ilk dəfə olaraq 211 min ton taxıl istehsal olunduğunu nəzərə çarpdırmışdır. Bu göstərici 2007-ci illə müqayisədə 100 min ton çoxdur. Üzümçülüyün, meyvəçiliyin inkişafı istiqamətində də mühüm işlər görülmüş, 3 hektar sahədə yeni üzüm bağı salınmışdır. Rayonun Çələbixan qəsəbəsi yaxınlığında “Aqroinvestkom” MMC-nin inşa etdiyi şərab zavodunun tikintisi artıq başa çatmaq üzrədir. İldə 2 min ton üzüm emal etmək gücünə malik olan bu zavodda İtaliyanın “Bella Doffola SPA” şirkətinə məxsus 4,9 milyon avro dəyərində ən müasir texnoloji avadanlıq quraşdırılmışdır.
2008-ci ildə rayonda keçirilən mədəni-kütləvi tədbirlər barədə məlumat verən N.İbrahimov iyunun 28-də keçirilən “Şəki - qədim sivilizasiyalar” adlı beynəlxalq tədbiri ilin ən mühüm mədəni hadisəsi kimi dəyərləndirmişdir. Şəki Şəhər İcra Hakimiyyəti, AMEA Tarix İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdikləri bu bayramda Azərbaycanda fəaliyyət göstərən 27 xarici ölkənin səfiri, səfirliklərin əməkdaşları, habelə elm və incəsənət adamları, Milli Məclisin deputatları iştirak etmişlər. Bundan əlavə, 2008-ci ildə Şəkidə görkəmli şəxsiyyətlərin, o cümlədən oftalmoloq alim, akademik Zərifə Əliyevanın 85, kinorejissor və operator, xalq artisti Rasim Ocaqovun 75, xalq artisti, xanəndə Arif Babayevin 70 illik yubileyləri təntənəli surətdə qeyd olunmuşdur.
Məruzə ətrafında rayon Ağsaqqallar Şurasının sədri Vahid Qəniyev, Maliyyə idarəsinin rəisi Arif Mustafayev, “Şəki-Sərnişin” ASC idarə heyətinin sədri Arzu Abdulhəmidov, Qaz istismarı idarəsinin rəisi Adil Mustafayev və başqaları çıxış edərək görülmüş işlər barədə məlumat vermişlər. Çıxışlarda xüsusi vurğulanmışdır ki, şəkililər Prezident İlham Əliyevin Azərbaycanın daha da qüdrətlənməsi və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işləri ürəkdən bəyənir, öz fəaliyyətləri ilə dövlət başçısına daim dəstək olacaqlarını bəyan edirlər. Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev, Milli Məclisin deputatları Yaqub Mahmudov, Məjlum Şükürov çıxış edərək, 2008-ci ildə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurları yüksək qiymətləndirmişlər.


Создан 23 фев 2009



  Комментарии       
Имя или Email


При указании email на него будут отправляться ответы
Как имя будет использована первая часть email до @
Сам email нигде не отображается!
Зарегистрируйтесь, чтобы писать под своим ником
 

Welcome to Sheki!

free counters